Son illərdə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində həyata keçirilən ardıcıl islahatlar və genişmiqyaslı layihələr bu istiqamətin ölkənin dayanıqlı inkişaf strategiyasında mühüm yer tutduğunu göstərir. Xüsusilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahədə fəaliyyətlərin daha da intensivləşməsinə, ictimai iştirakçılığın genişlənməsinə və gənclərin proseslərə fəal inteqrasiyasına yeni imkanlar yaradıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Nuranə Rzayeva “İki sahil”ə açıqlamasında bildirib ki, GİKM-in əsas prioritetlərindən biri gənclərin şəhərsalma mədəniyyətinə dair bilik və bacarıqlarının artırılması, həmçinin onların bu sahədə baş verən proseslərə daha yaxından cəlb edilməsidir.
“Gənclərin İnkişaf və Karyera Mərkəzi olaraq biz fəaliyyətlərimizi gənclərin maarifləndirilməsi, şəhərsalma mədəniyyətinin təşviqi, tarixi-mədəni irsin qorunması və dayanıqlı inkişaf prinsiplərinin aşılanması istiqamətində qurmuşuq. İlin əvvəlində keçirilən görüşlərdə gənclərin fikir və təklifləri dinlənilib, onların rəyləri əsasında ilboyu həyata keçiriləcək fəaliyyətlərin istiqamətləri müəyyənləşdirilib. Sonrakı mərhələdə Bakı və regionlarda forumlar, seminarlar, konfranslar, sərgilər, infoturlar, intellektual yarışlar və maarifləndirici görüşlər təşkil olunub. Bu fəaliyyətlər ölkədə həyata keçirilən müasir şəhərsalma siyasəti, tarixi irsin qorunması və dayanıqlı şəhər inkişafı hədəfləri ilə uzlaşaraq gənclərin bu proseslərə daha yaxından cəlb edilməsinə xidmət edir”, – deyə N. Rzayeva qeyd edib.
Onun sözlərinə görə, GİKM-in yanaşması gənclərin yalnız dinləyici kimi deyil, eyni zamanda aktiv iştirakçı və ideya generatoru kimi proseslərə qoşulmasına əsaslanır.
“Bu məqsədlə keçirilən tədbirlərdə interaktiv müzakirələr, açıq dialoq sessiyaları, sual-cavab platformaları və təqdimatlar təşkil olunur. Gənclər şəhərsalma sahəsində onları maraqlandıran sualları səsləndirir, təklif və fikirlərini bölüşürlər. Forumlar və müzakirə platformaları isə gənclərin şəhərlərin gələcəyi, ictimai məkanların inkişafı, ekoloji problemlər və urban həllərlə bağlı ideyalarını paylaşmaları üçün mühüm imkan yaradır”, – deyə o əlavə edib.