13 iyun 2026 12:00
119

Şuşa Bəyannaməsi: İki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəd

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı rəsmi müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəd kimi qiymətləndirilir. Bəyannamə yalnız ikitərəfli münasibətlərin hüquqi-siyasi çərçivəsini genişləndirməmiş, eyni zamanda Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına, enerji siyasətinə və nəqliyyat-kommunikasiya sistemlərinə mühüm təsir göstərmişdir. Şuşa Bəyannaməsi müasir Türk dünyasının inteqrasiyası prosesində mühüm mərhələ olmaqla yanaşı, postmüharibə dövründə regionun geosiyasi reallıqlarını da yeni müstəviyə çıxarmışdır. Bəyannamənin məhz Şuşada imzalanması xüsusi rəmzi məna daşıyırdı. Şuşa Azərbaycanın tarixi-mədəni irsinin mühüm mərkəzi olmaqla yanaşı, tarixi Zəfərimizin simvoluna çevrilib. Bu baxımdan sənədin Şuşada imzalanması həm qələbənin təsdiqi, həm də gələcəyə yönəlmiş strateji mesaj kimi qiymətləndirilə bilər.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj olmaqla yanaşı, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.  Şuşa Bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etmişdir ki, imzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

Şuşa Bəyannaməsinin əsas mahiyyəti Azərbaycan və Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsidir. Sənəddə dövlətlərin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı şəkildə dəstəklənməsi xüsusi vurğulanır. Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Tərəflərdən birinin təhlükəsizliyinə təhdid yarandığı halda qarşılıqlı məsləhətləşmələrin aparılması və birgə fəaliyyət mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bu müddəalar Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterini daha da gücləndirmiş və regional təhlükəsizlik sistemində yeni elementlərin meydana çıxmasına səbəb olmuşdur. Bu Bəyannamənin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etməklə yanaşı,  müttəfiqlik münasibətlərinin bütün sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Burada müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini xüsusi olaraq qeyd etmək vacibdir. Belə ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi, hərbi təlimlərin keçirilməsi və Silahlı Qüvvələrin modernləşdirilməsi istiqamətində birgə fəaliyyət də sənədin əsas müddəaları sırasındadır. Bu əməkdaşlıq modeli Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və regionda sabitliyin qorunmasına mühüm töhfə verir.

Digər mühüm məqam Bəyannamənin hər iki ölkənin iqtisadi qüdrətini artırması ilə bağlıdır. Şuşa Bəyannaməsi yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Şübhəsiz ki, regionun artan investisiya potensialı isə  yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və yeni iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsini qarşıya məqsəd qoyublar. Xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional logistika imkanlarının genişləndirilməsi məsələləri diqqət mərkəzindədir. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi mühüm strateji əhəmiyyət kəsb edir. Dəhlizin reallaşdırılması Azərbaycan ilə Türkiyə arasında birbaşa quru əlaqəsinin formalaşmasına və regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan yaradacaq. Bundan əlavə, enerji sahəsində əməkdaşlıq, rəqəmsal texnologiyaların tətbiqi və innovasiya layihələrinin həyata keçirilməsi iki ölkənin iqtisadi inkişafına əlavə təkan verəcək.

Ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tarixində mühüm dönüş nöqtəsidir. Bu sənəd iki qardaş dövlət arasında mövcud olan əməkdaşlığı hüquqi və siyasi baxımdan yeni səviyyəyə yüksəltmiş, müttəfiqlik münasibətlərinin əsaslarını möhkəmləndirmişdir. Eyni zamanda, bu tarixi sənəd regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Türk dünyasının inteqrasiyası baxımından yeni imkanlar yaradıb.

Ramil Nəbiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı