12 iyun 2026 15:23
230

İqtisadiyyatın strukturunda ekoloji innovasiyalara dayanan sahələrin payını artırmalıyıq - Sadiq Qurbanov

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi və Hesablama Palatasının bununla bağlı Rəyi  keçən ilin maliyyə balansı olmaqla yanaşı dövlətimizin qlobal çağırışlar qarşısında nümayiş etdirdiyi strateji dayanıqlığın, iqtisadi suverenliyimizin və gələcəyə yönəlmiş milli vizyonumuzun konseptual göstəricisidir.  Rəqəmlər hər zaman dəyişə bilər, iqtisadi göstəricilər qlobal bazarlardan asılı olaraq dalğalana bilər, lakin dəyişməz qalan bir reallıq var: Azərbaycanın iqtisadi siyasətinin fəlsəfəsi dayanıqlılıq, daxili resursların diversifikasiyası və gələcək nəsillərin rifahı üzərində qurulub.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iyunun 12-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti plenar iclasında çıxışı zamanı qeyd edib.

Diqqəti enerji təhlükəsizliyinə, ekoloji ekosistemimizə və yaşıl gələcəyə keçid strategiyasına yönəldən komitə sədri bildirib ki, dünya bu gün sürətli və qaçılmaz bir transformasiya dövrünü yaşayır. Qlobal miqyasda ənənəvi enerji mənbələrinə olan münasibətin dəyişməsi, alternativ enerji sahəsinə qoyulan investisiyaların artması və qlobal neft bazarlarındakı sistematik qiymət dalğalanmaları bizdən tam fərqli bir iqtisadi memarlıq tələb edir. Hesabat ili göstərdi ki, ənənəvi enerji sektorunda qlobal konyunktur səbəbindən daralmalar müşahidə olunsa da, ölkəmizin ümumi iqtisadi artımı tamamilə qeyri neft-qaz sektorunun, yəni real sənayenin, innovasiyaların və xidmət sahələrinin hesabına təmin edilmişdir. Bu, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi və karbonsuzlaşma strategiyasının konseptual qələbəsidir. Bununla belə, biz reallığı düzgün qiymətləndirməliyik. Büdcə gəlirlərimizin strukturunda ənənəvi enerji sektorunun çəkisi hələ də əhəmiyyətlidir.

Sadiq Qurbanov vurğulayıb ki, bu amil bizə bir strateji öhdəlik qoyur: Biz neft rasionallığından yaşıl enerji rasionallığına keçidi daha da sürətləndirməli və daxili iqtisadiyyatın strukturunda ekoloji innovasiyalara dayanan sahələrin payını artırmalıyıq.

Azərbaycanın ortamüddətli inkişaf strategiyasında təmiz ətraf mühit və yaşıl artımın ölkənin milli prioritetlərindən biri kimi təsbit edilidiyini qeyd edən natiq vurğulayıb ki, biz dövlət büdcəsinin icrasına milli prioritetləri maliyyələşdirən strateji alət – "Yaşıl Büdcə" prizmasından yanaşmalıyıq. Hesabatda məqsədli büdcə fondlarının idarəetmə mexanizmində edilmiş hüquqi dəyişikliklər və vəsaitlərin vahid xəzinə sistemində təmərküzləşməsi qeyd olunur. Xüsusilə, mineral xammal bazasının bərpası, habelə su bioresurslarının mühafizəsi və artırılması ilə bağlı fondların fəaliyyəti konseptual olaraq yenidən dəyərləndirilməlidir. Layihə dövründə adı keçən "Yaşıl Büdcə" ilə bağlı təəssüf ki, büdcənin icrası ilə əlaqədar təqdim edilmiş sənədlərdə müfəssəl məlumatlara rast gəlinməmişdir.

Bizim yanaşmamız belə olmalıdır:  Təbii resurslardan istifadəyə və ekoloji haqqlara görə büdcəyə daxil olan hər bir manat, birbaşa olaraq həmin resursların bərpasına və ölkədə "Sıfır Tullantı" fəlsəfəsinin qurulmasına xidmət etməlidir. Ekoloji zərərlərin kompensasiyası üçün nəzərdə tutulan vəsaitlərin xərclənmə strukturu tam şəffaf olmalı, reabilitasiya proqramlarının keyfiyyət səmərəliliyi rəqəmlərlə deyil, birbaşa olaraq təbiətə qaytarılan töhfə ilə ölçülməlidir. Eyni zamanda, nəqliyyat infrastrukturundan toplanan büdcə daxilolmalarının artması ölkəmizdə mobilliyin yüksəldiyini göstərir. Bu artım bizi konseptual olaraq ekoloji təmiz nəqliyyat ekosisteminin yaradılmasına təşviq etməlidir. Büdcə siyasətimiz elektromobillərin, hibrid texnologiyaların və yaşıl infrastrukturun ölkə miqyasında stimullaşdırılmasını bir islahat xətti kimi qəbul etməlidir.

Komitə sədri bildirib ki, investisiya xərclərinin dinamikası dövlətimizin quruculuq fəaliyyətinin miqyasını göstərir. Qarabağ və Şərqi Zəngəzurun bərpası mərhələsində böyük struktur infrastruktur layihələri öz ilkin mərhələsini tamamladıqca, bizim qarşımızda yeni bir konseptual vəzifə dayanır:

Bu əraziləri tam mənası ilə "Yaşıl Enerji Zonası"-na çevirmək. Azad edilmiş torpaqlarımızda tətbiq olunan “Ağıllı Şəhər” və “Ağıllı Kənd” layihələri sadəcə texnoloji yenilik deyil, bu, gələcək Azərbaycanın yaşayış və idarəetmə modelinin sınaq meydanıdır. Dövlət əsaslı vəsait qoyuluşlarının səmərəliliyi yoxlanılarkən, bu layihələrin icra sürəti və keyfiyyəti xüsusi nəzarətdə saxlanılmalıdır.

Sadiq Qurbanov bildirib ki, su idarəçiliyi, tullantıların səmərəli idarə olunması və alternativ enerji şəbəkələrinin inteqrasiyası sahəsində hər hansı bir ləngimə ümumi "Yaşıl Zona" konsepsiyamıza xələl gətirə bilər. Hökumətin əsaslı vəsait qoyuluşu siyasətində ekoloji komponent hər zaman ən mühüm meyar olaraq qəbul edilməlidir.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın COP29 və WUF13 kimi qlobal miqyaslı tədbirlərə ev sahibliyi etməsi, ölkəmizi beynəlxalq iqlim diplomatiyasının mərkəzinə çevirib. Biz artıq sadəcə daxili ekoloji mühiti qoruyan yox, həm də regional və qlobal ekoloji arxitekturanı formalaşdıran bir aktoruq. Bu kontekstdə, ölkəmizin təşəbbüskarı olduğu 4 Böyük Yaşıl Enerji Dəhlizi layihəsi bizim gələcək iqtisadi və geopolitik gücümüzün əsas sütunudur. Büdcə siyasətimiz bu qlobal dəhlizlərin milli seqmentlərinin vaxtında və yüksək texnoloji standartlarla tamamlanmasını təmin edəcək şəkildə çevik olmalıdır. Biz regional yaşıl ticarətin mərkəzi olmaq istəyiriksə, milli maliyyə bazarlarımızda da "Yaşıl istiqrazlar"  və dayanıqlı ekoloji investisiya alətlərinin tətbiqini sürətləndirməliyik. Hesablama Palatasının təqdim etdiyi Rəy bizə büdcə icrasının hüquqi və prosedural baxımdan düzgün qurulduğunu göstərməklə yanaşı, həm də bəzi idarəetmə və struktur uyğunsuzluqlarının aradan qaldırılması üçün yol xəritəsi təqdim edir.