Ötən tədris ilində ABŞ-də Azərbaycandan olan 1 329 tələbə təhsil alıb və bu da əvvəlki illə müqayisədə 18 % çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ səfirliyi və "EducationUSA" tərəfindən təşkil olunan "ABŞ-də təhsil" sərgisinin açılışında bildirib.
Onun sözlərinə görə, ardıcıl dördüncü ildir ABŞ ali məktəblərində azərbaycanlı tələbələrin sayının artması qeydə alınır, bu da ABŞ-də təhsilin keyfiyyətinə olan yüksək etimad səviyyəsindən xəbər verir.
"ABŞ ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün ən çox tələb olunan istiqamətlərdən biri olaraq qalmaqda davam edir. Son illərdə ölkəmizdə təhsilə marağın əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Ötən tədris ilində ABŞ-də 1 329 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illə müqayisədə 18 % çoxdur. Bu tendensiya artıq ardıcıl dördüncü ildir ki, müşahidə olunur və ABŞ təhsilinin yüksək keyfiyyətinə olan etimadı əks etdirir", - E.Karlon bildirib.
O vurğulayıb ki, azərbaycanlı tələbələr ABŞ-də nəinki keyfiyyətli təhsil alır, həm də dəyərli beynəlxalq təcrübə qazanırlar: "Onlar mədəniyyətlər arasında körpüyə çevrilir, möhkəm əlaqələr qurur və Azərbaycanın inkişafına töhfə verən yeni ideya və baxışlarla evə qayıdırlar".
E.Karlon həmçinin deyib ki, bugünkü sərgidə 40-dan çox ABŞ ali təhsil müəssisəsinin nümayəndəsi iştirak edir.