01 iyun 2026 19:22
110

Xəyanətin sonu...

4 iyun Gəncə hadisələrindən 33 il ötür

Bu ifadəni işlədəndə ən çox Birinci Qarabağ müharibəsindən əvvəlki illər və sonrakı dövr yada düşür. Bu, çox böyük mövzu olduğuna görə biz ondan yalnız bir hissəni- 4 iyun faciəsini xatırlada bilərik. Hadisələrdə 68 nəfər, o cümlədən tabor komandiri Mehman Ələkbərov öldürüldü. Bu və digər saysız-hesabsız cinayətlərin təqsirkarı korpus komandiri, qondarma polkovnik Surət Hüseynov idi.

Yevlax Yunun İlkin Emalı Zavodunun direktoru, elə bir idarəetmə qabiliyyəti və ağlı ilə fərqlənməyən Surət Hüseynovun birdən-birə hərbi-siyasi arenada görünməsi, özündən qat-qat yüksək vəzifəli şəxslərə hökm etməsi hamıya qəribə gəldi. Belə görünürdü ki, kimlərəsə ondan vətənpərvər obrazı yaratmaq və xalqda ona inam aşılamaq lazımdır. Burada gizli və güclü bir qüvvənin müəmmalı planı sezilirdi. Yoxsa necə oldu ki, Gəncədə dislokasiya olunan diviziyanın zirehli texnikası, silah-sursatla dolu anbarları yun emal edən gön-dəri aşılayan birinə təhvil verildi? Axı, yüzlərlə texnikalar-tanklar, piyadaların döyüş maşınları, ağır artilleriya-toplar, minaatanlar, “Qrad” qurğuları, raketlər, toplar, yüz milyonlarla güllə və mərmilər, hərbi təlim meydanları, tikililər, geyim, ərzaq Surətin yox, Azərbaycan xalqının əməyi ilə alınmışdı. Yəni, həmin arsenal xalqın əl qabarı hesabına alındığı üçün də Azərbaycan dövlətinə təhvil verilməli idi. Lakin hesablar aidiyyəti olmayan başqa yerdə, səlahiyyəti çatmayan bir manqurt dəstəsi ilə aparılırdı. Nəhayət, SSRİ Müdafiə Nazirliyi bütün arsenalı Surət Hüseynova təhvil verdi. Bir şərtlə ki, Moskvadan gələn plan və tapşırıqları yerinə yetirəcək.

Azərbaycanın müstəqilliyinin kövrək dövründə dövlətin daxilində iğtişaş salmağa, onu içindən məhv etməyə qalxan müxtəlif qruplar, o cümlədən Surət Hüseynova tabe olan hərbi hissələr Xankəndinin astanasından geri çəkilərək döyüş meydanını Ermənistan qoşunlarına verdi. Bu, tam qələbənin gözlənildiyi günlərdə misli görünməmiş xəyanət idi. Xəyanətdə ona ozamankı “müdafiə naziri”, xarici ölkənin lakeyi Rəhim Qazıyev də kömək edirdi. Təəssüf ki, onlar tək deyildilər, xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alınmış ünsürlərin hamısı bu iki şəxsin ətrafında birəşmişdilər. Sonradan briqada komandiri, polkovnik Əlikram Hümbətov da onlara qoşularaq cənub bölgəmizi “Talış-Muğan Respublikası” adlandırmağa başladı. Məqsəd Azərbaycanı bir neçə hissəyə parçalamaq və imperiyanın əsarəti altına salmaq idi.

İlk addımı vacib olan məqamlarda “bir qismət çörək yeyən” korpus komandiri Surət Hüseynov atdı. Digər xəyanətlərlə bərabər, Gəncədə qardaş qırğını törətdi. Tankları, topları döyüşdən çıxarıb Bakı üzərinə hücuma keçdi. Məqsəd aciz Əbülfəz Elçibəy hakimiyyətini silahlı yolla devirmək və xaricdəki ağalarına “qələbə” raportu vermək idi. Paytaxta hücumda yolüstü rayonların bir çoxunun icra başçılarını, prokurorları və polis rəislərini qanunsuz olaraq vəzifədən qovdu, bəzilərini döydürüb həbs etdirdi. Əlbəttə, buyuruq qulu kimi bunların hamısını şüursuz olaraq kimlərinsə diktəsi ilə yerinə yetirirdi. Yəni, onun üçün Vətən qeyrəti və xalq təəssübü yox idi. Xəyanətkar prezidentliyə can atırdı.

1993-cü ilin mayında ölkə elə bir qarmaqarışıqlığa və idarəolunmaz vəziyyətə salınmışdı ki, ondan baş çıxarmaq hər adamın işi deyildi. Səbir kasası dolmuş xalqın ümid yeri yalnız Ümummilli Lider Heydər Əliyev idi. Keçirilən izdihamlı yığıncaqlarda hamı Onun hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Əks qüvvələr bu qayıdışa nə qədər mane olmağa cəhd etsələr də alınmadı. Müdrik dövlət xadiminin, mahir diplomatın, dərin ağıla və siyasi təcrübəyə malik dahi rəhbərin yolunu heç bir qüvvə kəsə bilmədi. Xalqın güclü dəstəyi ilə Heydər Əliyev əvvəlcə respublika Ali Sovetinin sədri, sonra isə ölkənin Prezidenti seçildi. Beləliklə, illər boyu davam edən xəyanətin sonu gəldi. Xalq düşmənləri, hərbi cinayətkarlar, casus yuvaları ifşa olunaraq sıradan çıxarıldılar. Surət Hüseynov da belə bir şərəfsiz sonluq yaşadı. Ədalət mühakiməsindən yaxa qurtarmaq üçün ölkədən qaçan hərbi cinayətkar  1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirildi. O, 1999-cu ilin fevralında məhkəmənin hökmü ilə dövlət çevrilişinə cəhddə, qanusuz silahlı birləşmə təşkil etməkdə və digər ağır cinayətlərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edildi. Daha sonra, 2004-cü ildə əfv Fərmanı ilə azadlığa buraxıldı. Ancaq xəcalətindən öz ölkəsində soydaşlarının gözünə görünmədi. İllərini başqa ölkələrdə keçirdi və  təyyarədə ürəktutmasından öldü. Bununla da xəyanətin daha bir səhifəsi çevrildi.

Vəli İlyasov, “İki sahil”