28 may 2026 00:15
63

Hindistanda dörd nəfər Ebola virusuna yoluxma şübhəsi ilə təcrid olunub

Hindistanın Əhmədabad şəhərində konqolu iş adamı və onunla təmasda olan üç nəfər Ebola virusuna yoluxma şübhəsi ilə müxtəlif xəstəxanaların təcridxanalarına yerləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Qucarat ştatının səhiyyə naziri Praful Pançeriya bildirib.

Onun sözlərinə görə, 37 yaşlı iş adamı təxminən beş-yeddi gün əvvəl Konqodan Mumbaya gəlib və daha sonra Vadodaraya gedib. Sonra onun qızdırması qalxıb və "Banker Hospital" xəstəxanasına yerləşdirilib.

Nazir əlavə edib ki, xəstə daha sonra Əhmədabaddakı dövlət xəstəxanasına köçürülüb və orada Ebola virusuna yoluxma şübhəsi ilə xəstələr üçün ixtisaslaşmış palataya yerləşdirilib. Onun vəziyyəti sabit qiymətləndirilir və narahatlıq doğurmur.

"Səfərdə onu müşayiət edən daha iki nəfər də ehtiyat tədbiri olaraq Əhmədabaddakı xəstəxananın təcridxanalarına yerləşdirilib. Onlarla təmasda olan daha bir şəxs isə təcrid olunub", - Panşeriya qeyd edib.

Qan nümunələri analiz üçün laboratoriyaya göndərilib. Bununla yanaşı, nazir hazırda Hindistanda və ya Qucarat ştatında təsdiqlənmiş Ebola virusu infeksiyası hallarının olmadığını vurğulayıb.