26 may 2026 10:42
173

Kamran Bayramov:  Zəfər qüruru ilə qeyd etdiyimiz Müstəqillik günü ikiqat bayramdır

1918-ci il mayın 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının milli qürur duyduğu əlamətdar bir gündür. Əsrlərlə azadlıq arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində çar Rusiyasının bir əsrlik müstəmləkə əsarətinə son qoyaraq bu istəyinə qovuşdu. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Şərqdə və müsəlman aləmində ilk azad, demokratik və dünyəvi respublikanın yarandığını dünyaya bəyan etdi. Bu tarixi sənəd çoxəsrlik dövlətçilik ənənələrimizi davam etdirməklə yanaşı, xalqımızın müstəqillik əzmini və öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, yeni qurulan Cümhuriyyət öz üzərinə götürdüyü çətin tarixi vəzifəni bütün imkanlarını səfərbər edərək şərəflə yerinə yetirdi. Azərbaycan Xalq Cümhuriyyəti çağdaş tariximizə 350-dən çox "ilk" imzasını atdı. Bu dövr ərzində ölkənin ilk Parlamenti, Hökuməti və dövlət aparatı təşkil olundu. Sərhədləri müəyyənləşdirilərək bayrağı, himni, gerbi yaradıldı və ana dili dövlət dili elan edildi. Qısa müddətdə ölkənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etmək üçün yüksək döyüş qabiliyyətli hərbi hissələr formalaşdırıldı. Demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Müəyyən səbəblərdən olduqca az ömür sürərək süquta uğrasa da, Cümhuriyyətin şüurlarda bərqərar etdiyi müstəqillik ideyası heç vaxt unudulmadı.

Deputat vurğulayıb ki, XX yüzilin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan özünü Xalq Cümhuriyyətinin layiqli varisi elan etdi. Ölkənin həmin dövrdə üzləşdiyi daxili münaqişələr və Ermənistanın hərbi təcavüzü fonunda, xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev dövlətçiliyimizin xilaskarı oldu. O, qətiyyətli tədbirlərlə ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli Lider bugünkü dövlətin Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayaraq demişdir: "Bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin varisidir. Müstəqil Azərbaycan onun davamçısı, bütün xalq onun varisidir. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.” 
 Bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Son  illər həyata keçirilən məqsədyönlü addımlar ölkəmizi siyasi, iqtisadi və hərbi cəhətdən regionun liderinə və dünyada söz sahibi olan qüdrətli bir dövlətə çevirdi. Məhz, bu güc sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Qarabağın 30 illik işğalına son qoyaraq tarixi ədaləti bərpa etdi və öz suverenliyini tam təmin etdi.

Deputat əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın bu gün işğaldan azad edilmiş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. İndi xalqımız 28 May - Müstəqillik Gününü torpaqlarımızın azad olunması sevinci və Vətən müharibəsi zəfərinin qüruru ilə qeyd edir. Azadlığına qovuşmuş ərazilərimizdə şəhər və kəndlər yenidən qurulur, infrastruktur layihələri icra olunur və Böyük Qayıdış mərhələli şəkildə uğurla həyata keçirilir. Xankəndidə keçirilən Zəfər paradı isə hər bir azərbaycanlıya sözlə ifadə olunmayacaq qədər böyük fəxarət hissi yaşatdı. Bir sözlə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin şah əsəridir.