Nigeriyanın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması üzrə Milli Mərkəzi ölkəyə Ebola qızdırması virusunun daxil olması təhlükəsinin artdığını qeydə alıb.
“İki sahil” xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Mərkəzin xəbərdarlığına görə, bu risk Konqo Demokratik Respublikasında (KDR) və Uqandada xəstəliyin genişlənən yayılması ilə bağlıdır. Hazırda Nigeriyada Ebola virusuna yoluxma ilə bağlı təsdiqlənmiş hal qeydə alınmasa da, hakimiyyət orqanları ölkə ərazisində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndirir. İlk növbədə söhbət Nigeriyanın şərq sərhədlərində yerləşən ştatlardan, nəqliyyat qovşaqlarından və sərhəd-keçid məntəqələrindən gedir.
Milli Fövqəladə Hallar Mərkəzi, Milli Fövqəladə Əməliyyatlar Sistemi və epidemioloji xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib. Ebola virusuna yoluxma şübhəsi olan şəxslər üçün müvəqqəti təcrid mərkəzləri, infeksion xəstəxanalarda xüsusi şöbələr və laboratoriyalar yaradılır, həmçinin xüsusi avadanlıq və ləvazimat ehtiyatları hazırlanır.
Bundan əvvəl Nigeriyanın Federal Hava Limanları İdarəsi sərnişinlərə ölkənin bütün beynəlxalq hava limanlarında Ebola qızdırmasının yayılmasının qarşısını almaq məqsədilə sərt tədbirlərin tətbiq edildiyini bildirmişdi.