25 may 2026 22:15
74

ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur

Regionda Türkiyənin və kiprli türklərin maraqlarını nəzərə almayan təşəbbüslər sabitliyə töhfə vermir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Türkiyə televiziya kanallarından birinin efirində səsləndirib. Onun sözlərinə görə, Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur. “Biz mövqeyimizlə bağlı Türkiyə ilə məsləhətləşir və qərarları koordinasiya edirik”, – deyə o bildirib.

İran ətrafında gərginliyin artmasına toxunan ŞKTC Prezidenti qeyd edib ki, regiondan kənar dövlətlərin Kiprin cənubundakı hərbi-hava bazalardan istifadə etməsi fonunda İran İslam Respublikası tərəfindən adaya zərbə endirilməsi riskini istisna etmək mümkün deyil. “Kiprli türklər də bu risk zonasından kənarda deyil”, – deyə siyasətçi bildirib və diplomatiya ilə dialoqu regionda ziddiyyətlərin həllinin yeganə vasitəsi adlandırıb.