25 may 2026 20:40
96

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Maskat şəhərində Azərbaycanın Oman Sultanlığındakı səfirliyi tərəfindən 28 May-Müstəqillik Günü münasibətilə rəsmi qəbul-ziyafət təşkil edilib.

Səfirlikdən “İki sahil”ə verilən məlumata görə, tədbirdə Oman Sultanlığının Ticarət, sənaye və investisiyaların təşviqi naziri Ənvər bin Hilal bin Həmdun Əl-Cəbri, Oman dövlət və hökumət rəsmiləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusun üzvləri, Azərbaycan icmasının təmsilçiləri, iş adamları və media nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan və Oman dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Rəşad İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, müasir Azərbaycanın inkişaf yolundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib. Azərbaycan-Oman münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını və tarixi-mədəni irsini əks etdirən videoçarxlar nümayiş olunub, milli musiqi proqramı təqdim edilib. Qonaqlara xatirə hədiyyələri təqdim olunub.