25 may 2026 19:15
190

Prezident İlham Əliyev kənd təsərrüfatında yeni inkişaf mərhələsinin konturlarını müəyyənləşdirdi

Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan kənd təsərrüfatı son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət dəstəyi, müasir infrastruktur layihələri və aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində bu sektor həm daxili bazarın təminatında, həm də ixrac imkanlarının genişlənməsində mühüm rol oynamağa başlayıb. Bu baxımdan cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də aqrar sahənin gələcək inkişaf prioritetlərini və qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirir.

“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafı Azərbaycanda uzun illərdir həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir: “Dövlətimizin başçısı çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, hələ 2004-cü ildə ilk dəfə prezident vəzifəsinə seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regional inkişaf proqramı və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. Həmin proqramın prioritet istiqamətlərindən biri də kənd təsərrüfatının inkişafı, kənd yerlərində məşğulluğun artırılması və regionların iqtisadi potensialının gücləndirilməsi idi. Prezident bildirdi ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi. Məhz buna görə də sonrakı illərdə ardıcıl olaraq yeni regional inkişaf proqramları qəbul edildi və həyata keçirildi. Bu proqramlar çərçivəsində elektrik, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya sistemlərinin yenilənməsi, fermerlərə dövlət dəstəyinin artırılması və kənd təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görüldü. Nəticədə regionlarda iqtisadi fəallıq artdı, minlərlə yeni iş yeri yaradıldı, kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialı əhəmiyyətli dərəcədə genişləndi. Möhtərəm Prezidentin bu fikirləri bir daha göstərir ki, Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər təsadüfi deyil, uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsidir. Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu siyasət gələcək illərdə də kənd təsərrüfatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün möhkəm zəmin yaradır”.

Deputat bildirib ki, Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatının inkişafında dövlət dəstəyi mexanizmlərinin, xüsusilə subsidiyaların mühüm rol oynadığını xüsusi vurğulayıb: “Azərbaycan fermerlərə göstərilən dəstəyin həcmi və müxtəlifliyi baxımından dünyada seçilən ölkələrdən biridir. Bu gün aqrar sektorda tətbiq olunan subsidiya siyasəti kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılmasına, onların xərclərinin azaldılmasına və məhsuldarlığın artırılmasına xidmət edir. Bununla yanaşı, hazırda fermerlərə yanacaq və motor yağlarına görə güzəştlər verilir, mineral gübrələrin alınması dövlət tərəfindən subsidiyalaşdırılır, kənd təsərrüfatı texnikasının əldə olunmasına dəstək göstərilir. Bu güzəştlər fermerlərin istehsal xərclərini azaltmaqla yanaşı, onların daha çox məhsul istehsal etməsinə və fəaliyyətlərini genişləndirməsinə imkan yaradır. Prezidentin də qeyd etdiyi kimi, bu cür geniş dəstək mexanizmləri bir çox ölkələrdə mövcud deyil və Azərbaycan bu baxımdan qabaqcıl təcrübəyə malik dövlətlər sırasındadır. Bununla yanaşı, fermerlər yalnız maliyyə dəstəyi ilə deyil, həm də metodiki və texniki tövsiyələrlə təmin olunurlar. Müasir aqrotexniki qaydaların tətbiqi, məhsuldar toxum və tinglərdən istifadə, suvarma texnologiyalarının düzgün qurulması kimi məsələlər üzrə verilən məsləhətlər kənd təsərrüfatında səmərəliliyin artırılmasına mühüm töhfə verir. Aqrar xidmətlərin genişləndirilməsi fermerlərin yeni bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır”.

Parlamentari vurğulayıb ki, kənd təsərrüfatının inkişafının əsas şərtlərindən biri etibarlı su təminatıdır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən iri su təsərrüfatı layihələri bu sahədə yeni imkanlar yaradıb. Taxtakörpü, Şəmkirçay və digər su anbarlarının tikintisi, suvarma infrastrukturunun genişləndirilməsi nəticəsində minlərlə hektar torpaq əkin dövriyyəsinə cəlb olunub və fermerlərin imkanları əhəmiyyətli dərəcədə artıb. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının və kanalların bərpası gələcəyə hesablanmış dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu layihələr yalnız həmin bölgələrin deyil, ətraf rayonların da su təminatını yaxşılaşdıracaq, kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradacaq. Dövlətimizin başçısının su təhlükəsizliyini milli təhlükəsizliyin mühüm elementi kimi qiymətləndirməsi və bu istiqamətdə ardıcıl addımlar atması Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, aqrar sektorun dayanıqlı inkişafına və regionların sosial-iqtisadi yüksəlişinə xidmət edir. Bu isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və strateji baxışının konkret nəticələrindən biridir”.

Deputatın fikrincə, Prezident İlham Əliyevin müşavirədə verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi prioritetlər kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının növbəti təzahürüdür: “Hesab edirəm ki, müşavirədə müəyyənləşdirilən hədəflər və verilən tapşırıqlar kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafını təmin etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi tərəqqisinin sürətlənməsinə və qeyri-neft sektorunun dayanıqlı inkişafına xidmət edəcək”.