Beynəlxalq birlik onu narahat edən problemləri müzakirə etmək baxımından Azərbaycana toplaşdısa, Azərbaycan da öz növbəsində dünya birliyini, beynəlxalq aləmin nəzərini ölkəmizə, regiona çəkməyə qadir oldu. Ümumdünya Şəhərsalma Forumu indiyə qədər keçirilmiş ən irimiqyaslı sessiya kimi tarixə düşdü. Çünki Azərbaycan yürütdüyü siyasətlə, cənab Prezident İlham Əliyev atdığı addımlarla bir daha qlobal həmrəliyi vacib bir amil olaraq müzakirələrin mərkəzində yerləşdirməyi bacardı.
Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirdi ki, Azərbaycan bir daha sübut etdi ki, dünya birliyinin etibarlı tərəfdaşıdır. WUF13-ə yüksək səviyyədə evsahibliyi etməyimiz, qonaqpərvərlik göstərməyimiz dünya tərəfindən təqdir edilir. Bu gərgin əməyimizi özümüz də ən yüksək səviyyədə dəyərləndirməliyik.
WUF13 həm də konkret və uğurlu nəticələrlə yadda qaldı. Lidərlərin bəyanatları sessiyası göstərdi ki, liderlər səylərini bir yerə qoyduqları zaman beynəlxalq aləmi narahat edən problemlərin öhdəsindən gəlmək olur. Beləliklə WUF13-ün siyasi əhəmiyyəti artdı. Azərbaycan strateji məsələlərlə bağlı dünya birliyini bir araya gətirdi.
Nazirlər görüşünün keçirilməsi də xüsusi əhəmiyyət kəsb edirdi. Çünki məhz bu görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi bir daha vurğulandı, təqdir edildi. Azərbaycan beynəlxalq əməkdaşlıq ortaya qoydu ki, dövlətimizin bu niyyəti də alqışlandı. Şəhərsalma Forumunda qabaqcıl ideyalar irəli sürüldü, fikir mübadiləsi aparıldı. Mütərəqqi ideyalarla dolu insanlar öz təcrübələrini bölüşdülər. Bunlarla yanaşı, nazirlər görüşünün “Sədrin xülasəsi” sənədi Forumun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədinə və BMT-nin “Yeni Şəhər Gündəliyi”nin icrası ilə bağlı aralıq icmal prosesinə töhfə verdi. Bu gün Azərbaycan Böyük Qayıdış proqramı icra etməklə müharibədən əziyyət çəkən, müharibə sonrası bərpa və quruculuq işlərində konkret yanaşma, sərgiləmək istəyən dövlətlərə nümunədir.

Azər Badamov vurğulayıb ki, dayanıqlı infrastruktur, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları, bunların hər biri Azərbaycanın atmış olduğu uğurlu addımların nəticəsidir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olundu ki, bu da BMT-yə çağırış idi. Azərbaycan bir daha WUF13 kimi böyük bir tədbirə evsahibliyi etməklə, dünyanın nəzərini regiona çəkməklə addımladığı yolun düzgünlüyünü sübut etdi.