22 may 2026 19:22
104

Bərpa və yenidənqurmanın əsas təməli - Minatəmizləmə

Ermənistanın 30 illik işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur misli görünməmiş vandalizmə məruz qalıb. T   əkcə bir faktı qeyd edək ki, ölkəmizin ərazisinin təxminən 14 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Verilən məlumatlara görə, hazırda bu ərazilərdə bir milyon yarımdan artıq mina və partlamamış hərbi sursat mövcuddur. Heç də təsadüfi deyil ki, beynəlxalq ekspertlər bu torpaqları dünyanın minalarla ən çox çirkləndirilmiş ərazilərindən biri hesab edirlər. Ermənistanın dəqiq mina xəritələrini verməkdən imtina etməsi nəticəsində postmünaqişə dövründə 425 mina qurbanı qeydə alınıb. Bunlardan 73 nəfər həyatını itirib, 352 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə son 30 il ərzində mina qurbanlarının sayı 3500 nəfəri ötüb. Bu isə o deməkdir ki, hərbi əməliyyatlar dayansa da, mülki əhali üçün təhlükə davam etməkdədir. Bu məsələdə beynəlxalq qurumlar Ermənistana heç bir  təsir göstərmirlər. Elə bu səbəbdən Ermənistan tərəfindən basdırılmış minalar bu gün də can almağa davam edir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında mina məsələsinə toxunan Prezident İlham Əliyev bildirib ki, mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik. Artıq bu, bir faktdır ki, bütün çətinliklərə rəğmən Azərbaycan dövləti böyük siyasi iradə və yüksək təşkilatlanma ilə həm minatəmizləmə prosesini, həm də genişmiqyaslı quruculuq işlərini eyni vaxtda uğurla davam etdirir.  Hətta Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Qarabağda və Şərqi Zəngəzurda hazırda 85 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Yeri gəlmişkən qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Amma bu, bir həqiqətdir ki, azad edilmiş torpaqlarda mövcud olan mina təhlükəsi yenidənqurma qarşısında hələ də ən böyük çətinlik olaraq qalmaqdadır.

Minaların Ermənistan tərəfindən dağınıq şəkildə, bəzən isə hərbi zərurət olmadığı halda basdırılması və həmin ərazilərdə heç bir nişan  qoyulmaması təmizləmə prosesini daha da çətinləşdirir, insan ölümlərinin sayı artır. Şübhəsiz, bu da Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işlərini ləngidir, yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına mane olur.

Mina məsələsi WUF13-dəki digər çıxışlarda da dəfələrlə səsləndirilib. Məsələn, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib ki, hər bir ölkənin və hər bir vəziyyətin özünəməxsus çətinlikləri var, Azərbaycan üçün bu çətinliklərdən biri minalardır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç bildirib ki, mina təmizlənməsi davamlı iqtisadi inkişafın, rifahın və sülhün təmin olunması üçün mühüm katalizator kimi qəbul edilməlidir. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov da bu problemə toxunublar.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzusunda tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov vurğulayıb ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda, bərpa və yenidənqurmanın əsas təməlidir. Mütəxəssilərin fikrincə, ölkəmizdə keçirilən WUF13 qayıdış prosesinə, mina probleminin aradan qaldırılmasına və ümumilikdə bərpa işlərinin sürətlənməsinə öz töhfəsini verəcək.

Bununla yanaşı, Azərbaycanın mina təmizlənməsi sahəsində əldə etdiyi mühüm nəticələr diqqətçəkicidir. Qeyd edək ki, ANAMA-nın rəhbərliyi altında 2020-ci ilin noyabr ayından bəri 270 min hektardan çox ərazi minalardan təmizlənib, 250 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Artıq Azərbaycanın bu sahədəki təcrübəsindən mina problemi ilə üzləşən ölkələr də faydalana bilərlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”