22 may 2026 19:05
107

Heydər Əliyev yolunun bəhrəsi

Azərbaycan xalqı əsrlər boyu, min illiklər boyu azadlığı, müstəqilliyi uğrunda, haqq işi uğrunda mübarizə aparmış, xarici istilaya məruz qalmış, ərazisi zəbt edilmiş, parçalanmış, müstəqilliyi və azadlığı əlindən alınmışdır

28 May - Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən əlamətdar və qürurverici günlərdən biridir. Bu tarix təkcə dövlət müstəqilliyimizin elan olunduğu gün deyil, həm də xalqımızın azadlıq, milli birlik və dövlətçilik arzularının gerçəkləşdiyi mühüm bir mərhələdir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdü. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın siyasi şüurunun, milli özünüdərkinin və azad yaşamaq iradəsinin bariz nümunəsi idi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət qısa müddətdə mühüm dövlətçilik ənənələri formalaşdırdı. Parlamentin yaradılması, dövlət atributlarının qəbul olunması, milli ordunun qurulması, təhsil və mədəniyyət sahəsində həyata keçirilən islahatlar müstəqil dövlət quruculuğunun əsasını təşkil etdi. Azərbaycan Xalq Cümhuriyyəti insan hüquq və azadlıqlarına böyük önəm verirdi. Həmin dövrdə qadınlara seçki hüququnun verilməsi bir çox inkişaf etmiş ölkələrdən daha əvvəl həyata keçirilmiş mühüm demokratik addım idi. Bu, Azərbaycan dövlətinin demokratik dəyərlərə və bərabərlik prinsipinə sadiqliyini göstərirdi. Cümhuriyyət cəmi 23 yaşasa da xalqımızın müstəqillik arzusu heç vaxt sönmədi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bütün dünyaya bəyan etdi. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan mürəkkəb problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir şəraitdə 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev iyunun 15-də Milli Məclisin Sədri seçildi və oktyabrın 3-də keçirilən ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti oldu. Həmin gün yalnız siyasi liderin hakimiyyətə dönüşü deyil, həm də müstəqil dövlətçiliyimizin xilası və davamlı inkişaf yoluna çıxışı kimi tarixləşdi.

Bu gün tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının sevincini və yeni reallıqların fonunda Azərbaycanın qarşısında açılan imkanların qürurunu yaşayırıq. Müasir müstəqil Azərbaycan Cümhuriyyət qurucularının ideyalarını yaşadır, onların arzuladığı güclü və qüdrətli dövlət kimi inkişaf edir. Bu gün qürurla qeyd edirik ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bütün arzularını reallığa çevirdi. Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı

Müasir Azərbaycan beynəlxalq aləmdə nüfuz qazanan, regionda söz sahibi olan dövlətlərdən biridir. Ölkəmizdə siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin olunması, milli maraqların qorunması və dövlətçiliyin gücləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın milli həmrəyliyinin və güclü dövlət siyasətinin nəticəsidir.

28 May - Müstəqillik Günü xalqımızın azadlıq ruhunu, milli qürurunu və dövlətçilik ənənələrini yaşadan müqəddəs tarixdir. Bu gün hər bir azərbaycanlı üçün keçmişə ehtiramın, bu günə qürurun və gələcəyə inamın simvoludur. Azərbaycan xalqı öz müstəqilliyini daim qorumağa və daha da möhkəmləndirməyə qadirdir.

Bu gün ölkəmizdə Heydər Əliyev ideyaları  bütün sahələr üzrə qələbələr qazanır, ulu öndərimizin xalqımız qarşısındakı misilsiz xidmətləri danılmazdır. Bütün bunlar 1969-cu ilin 14 iyulunda başlanan Heydər Əliyev yolunun bəhrəsidir.Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir və bizim qarşımızda duran vəzifə - böyük dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir!”.

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri