İngiltərənin "Manchester City" futbol klubu Pep Qvardiolanın komandanın baş məşqçisi postundan ayrıldığını rəsmən elan edib. İspaniyalı mütəxəssis komandaya 2016-cı ildən rəhbərlik edirdi.
“İki sahil” xəbər verir ki, Qvardiola klubun mətbuat xidmətinə açıqlamasında bildirib: “Birlikdə necə gözəl zaman keçirdik. Ayrılma səbəblərimi soruşmayın, xüsusi səbəb yoxdur, amma daxilən anlayıram ki, vaxt yetişib. ‘Manchester City’yə qarşı hiss etdiyim sevgi, insanlar və xatirələr əbədi qalacaq.”

İspan mütəxəssisin yerinə əsas namizəd kimi Enzo Maresca göstərilir. Jurnalist Fabrizio Romanonun məlumatına görə, tərəflər artıq şifahi razılığa gəliblər. İtaliyalı məşqçinin klubla üçillik müqavilə imzalayacağı gözlənilir.
55 yaşlı Qvardiolanın rəhbərliyi altında “Manchester City” 20 titul qazanıb. Komanda altı dəfə İngiltərə çempionu olub, həmçinin bir dəfə UEFA Cempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.
Pep Qvardiola daha əvvəl Barcelona və Bayern Munich klublarını da çalışdırıb və həmin komandalarla da çoxsaylı titullar əldə edib.
Cari mövsümdə “Manchester City” İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunu qazanıb. Bununla belə, klub vaxtından əvvəl ölkə çempionatında birinci yer uğrunda mübarizə şansını itirib. Mövsümün bitməsinə bir tur qalmış isə "Arsenal" 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olub.