22 may 2026 00:36
94

Koçaryanın siam əkizi...

Parlament seçkiləri yaxınlaşdıqca siyasi ehtiraslar coşur, mübarizə pik həddə çatır. Müxtəlif mövqelərdə toplaşan qüvvələr bir-birlərini cəmiyyətdə nüfuzdan salmaq üçün hər vasitədən istifadə etməyə cəhd göstərirlər. Xaricdən dəstək alan daşnakların, revanşistlərin və keşişlərin təmsil etdikləri partiyalar  daha radikal addımlar atırlar.

Ermənistanda hakim partiya ilə bağlı yeni qalmaqallı ittihamlar səsləndirilib.

Mətbuat xəbər verir ki, “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan seçkiqabağı təşviqat çərçivəsində İrəvanda jurnalistlərə açıqlamasında hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi üzvlərinin Türkiyədə təhsil aldığını bildirib. Bununla o, bir neçə məsələyə eyham vurub. Onun sözlərinə görə, həmin şəxslər bunu gizlətməyə çalışır və bu gün də Ankaranın təsiri altında qalırlar. Karapetyan iddia edib ki, bu vəziyyət Ermənistan-Türkiyə münasibətlərinin formalaşmasına birbaşa təsir göstərir.

Dünənə qədər orada-burada  dəllalıqla məşğul olan Karapetyan xislətinə uyğun olaraq utanmadan özünü “siyasətçi” adlandırır. “Syasətçi” türmədə cəza çəkdiyi üçün hüquq-mühafizə orqanlarının fəaliyyətini də tənqid edib. Bildirib ki, ölkədə cinayətkarlıq və narkotik dövriyyəsi artdığı halda, guya təhlükəsizlik strukturları əsas diqqəti müxalifət nümayəndələrinin təqibinə yönəldir. Karapetyan əlavə edib ki, həbsxanalar cinayətkarlardan çox “siyasi” məhbuslarla doludur.

Göründüyü kimi, qərəzli danışan Samvel Karapetyanın açıqlaması heç də həqiqəti əks etdirmir. Əgər doğrudan da hər şey onun dediyi kimidirsə Türkiyədə yaşayıb-işləyən, orada biznes qurub pul qazanan ermənilər haqqında niyə utancla danışmır? İşıq alverçisi ola-ola siyasətdən dəm vuran bu adam heç olmasa siyasətin əlifbasını oxuyubmu? Əlbəttə, yox. Kiçik biznesdən başlayaraq milyarder olanadək “piştaxta” arxasında dayanan Samvelin siyasətdən qətiyyən xəbəri yox idi və belə məsələlər onu maraqlandırmırdı.

Samvel Karapetyan Suriya- Rusiya-Ermənistan əsilli milyarder iş adamı, xeyriyyəçi və Rusiyanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan  “Taşir”şirkətlər qrupunun təsisçisidir. O, milyardlarla dollar dəyərində şəxsi sərvəti ilə dünyanın ən zəngin erməni iş adamları siyahısında ikinci yer tutur. Onun biznes mərkəzi Moskvada yerləşən və Rusiya boyu çoxsaylı ticarət mərkəzlərinə, bahalı otellərə, mağazalara və yaşayış komplekslərinə sahib olan "Taşir" qrupunu idarə edir. “Taşir” onun 1965-ci ildə Ermənistanda anadan olduğu rayonun adıdır.

İnsanların cibini soyan, ömrü boyu alıb-aldatmaqla məşğul olan Samvel Karapetyan necə olub ki, Ermənistanın baş naziri olmaq sevdasına düşüb. Axı, onun dövləti idarəetmədə təcrübəsi yoxdur? “Xoruzun quyruğu” burada görünür. İki ölkənin vətəndaşlığını almış Karapetyanın üçüncü ölkədə, Ermənistanda lövbər salmağının əsas məqsədi iyunun 7-də keçiriləcək parlament seçkilərində Nikol Paşinyanı devirmək, ölkənin istiqamətini ona tapşırılan tərəfə yönəltməkdir. Siyasi dairələr onun məqsədinin nədən və haradan doğduğunu yaxşı bilirlər. Necə olursa-olsun, Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırılsın.

Artıq məlum olur ki, xeyli vaxt səsi çıxmayan hərbi cani, eks-prezident Robert Koçaryan Samvelin siam əkizi kimi meydana çıxıb. İndi Xocalı qatili özünü ağ atlı oğlan rolunda görür. Ancaq xəbəri yoxdur ki, erməni cəmiyyəti ona nifrət edir. Qeyd edək ki, onların hər ikisinin başı bir mərkəzə bağlıdır. Ancaq Karapetyan cəmiyyətdə o qədər də yaxşı tanınmadığına, Koçaryan isə pis tanındığına görə çətin ki, parlamentə düşə bilsinlər. Müharibədə itkilər vermiş ermənilər anlayırlar ki, Paşinyan deyil, bu iki namizəddən biri parlamentdə qalib gəlsə yeni münaqişə və eskalasiyalar baş verəcək, ailələr yeni müsibətlərə düçar olacaqlar. Qan tökən cəlladlara kim səs verər ki?

Vəli İlyasov, “İki sahil”