“Müasir türk dillərinin ikidilli lüğəti” türk dillərinin müqayisəli şəkildə öyrənilməsi baxımından mühüm elmi hadisədir. Yeni lüğət yalnız tərcümə vasitəsi deyil, həm də qohum dillərin leksik, fonetik və qrammatik xüsusiyyətlərini müqayisə etməyə imkan verən araşdırma nümunəsidir.
“İki sahil” xəbər verir ki, b u fikirləri Bakı Slavyan Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova bildirib. O qeyd edib ki, türk xalqları arasında əlaqələrin genişləndiyi, ortaq mədəni və dil irsinin yenidən araşdırıldığı bir dövrdə belə nəşrlərin meydana çıxması təsadüfi deyil. Lüğətin AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində hazırlanması da Azərbaycan türkologiyasının zəngin ənənələri ilə bağlıdır. Vaxtilə “Sovetskaya türkologiya” jurnalının Bakıda nəşr olunması, bu gün isə “Türkologiya” jurnalının fəaliyyət göstərməsi Azərbaycanın bu sahədəki mövqeyini təsdiqləyir.
“Nəşr professor İsmayıl Kazımov, dosent Şəkər Orucova, dosent Təranə Şükürlü və Cahid Kazımovun uzunmüddətli araşdırmalarının praktik nəticəsidir. Əslində, kitab bir neçə müstəqil lüğəti özündə birləşdirir və oğuz, qıpçaq, karluq qruplarına aid dillərin müqayisəsini bir məkanda təqdim edir. Bu isə türk dillərinin qohumluq münasibətlərini daha aydın göstərir. Lüğət iki əsas funksiyanı yerinə yetirir: bir tərəfdən tərcümə və dilöyrənmə məqsədlərinə xidmət edir, digər tərəfdən isə müqayisəli dilçilik və türkologiya tədqiqatları üçün mənbə rolunu oynayır”, - deyə alim vurğulayıb.
Onun sözlərinə görə, İsmayıl Kazımovun tərtib etdiyi “Tatarca-azərbaycanca lüğət” 38 min sözü əhatə edir və orta həcmli sanballı lüğət nümunəsi kimi diqqət çəkir: “Burada yalnız ümumişlək sözlər deyil, dialekt və köhnəlmiş sözlər də yer alıb. Ön sözdə tatar dili, tarixi və qrammatikası haqqında məlumatların verilməsi lüğətin elmi xarakterini artırır. Dosent Şəkər Orucovanın hazırladığı “Qazaxca-azərbaycanca lüğət”də fonetik xüsusiyyətlərə xüsusi diqqət yetirilir. Qazax və Azərbaycan dilləri arasındakı səs fərqlərinin izahı praktik istifadə baxımından əhəmiyyətlidir. Dosent Təranə Şükürlünün tərtib etdiyi Azərbaycanca-özbəkcə və özbəkcə-azərbaycanca hissələr isə iki istiqamətli lüğətçilik baxımından maraq doğurur. Azərbaycan və özbək xalqları arasında mədəni əlaqələrin genişlənməsi bu lüğətlərin praktik əhəmiyyətini daha da artırır”.
Nəşrin maraqlı bölmələrindən biri də “Qaqauzca-azərbaycanca lüğət”dir. Azərbaycan dilinə yaxın olan qaqauz dili uzun müddət anklav şəraitdə yaşadığı üçün qədim türk elementlərini qoruyub saxlayıb. Lüğətdə həm fonetik, həm də leksik yaxınlıq aydın görünür.
Şəhla Əhmədova əlavə edib ki, “Müasir türk dillərinin ikidilli lüğəti” türk dillərinin müqayisəli leksikoqrafiyasına mühüm töhfədir: “Bu nəşr gələcəkdə çoxdilli müqayisəli türk dilləri lüğətlərinin hazırlanmasına aparan yolun başlanğıcı kimi qiymətləndirilə bilər”.