Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib. Kitab Birinci Qarabağ müharibəsində itkin düşmüş, məzarları olmayan yeddi qəhrəman polis şəhidimizin əziz xatirəsinə ithaf olunub və onların qəhrəmanlığının, Vətənə sədaqətinin gələcək nəsillərə çatdırılması baxımından mühüm mənəvi əhəmiyyət daşıyır.
“İki sahil” xəbər verir ki, Lalə İsmayıl gənc yaşlarından bədii yaradıcılıqla məşğul olur. Onun şeirləri uzun illərdir dövri mətbuatda dərc edilir. Şairin yaradıcılığı müharibənin ağrı-acıları, Vətən sevgisi, yurd həsrəti və insan taleləri ilə yoğrulub. Şeirlərində doğma torpağın gözəllikləri ilə yanaşı, xalqımızın yaşadığı faciələr, şəhidlərimizin müqəddəs xatirəsi və qalibiyyətə aparan mübarizə öz poetik ifadəsini tapıb.
Lalə İsmayılın bu kitabı onun üçün təkcə ədəbi yaradıcılıq nümunəsi deyil, həm də şəxsi ağrısının və müqəddəs xatirənin ifadəsidir. Çünki müəllif "Məzarsız yeddi polis şəhidi"ndən biri olan İsmayıl Barat oğlu İsmayılovun doğma bacısıdır. Bu səbəbdən "Bəyaz Durnalar" kitabı bir bacının qardaşına, həmçinin onunla birlikdə şəhidlik zirvəsinə ucalmış qəhrəman polis əməkdaşlarına ucaldılmış mənəvi abidə kimi böyük dəyər daşıyır.
Kitab Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası ilə nəşr olunub və məzarsız qəhrəman yeddi polis şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq işıq üzü görüb.
Nəşrin redaktoru Güllü Eldar Tomarlı, məsləhətçisi Tərlan Musayeva, ön sözün müəllifi Türkiyəli yazar Necdet Ekici, üz qabığının müəllifi isə rəssam, professor, dosent M. E. Kayserilidir.
"Bəyaz Durnalar" kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə nəşr olunub. Bu nəşr təkcə bir şeir kitabı deyil, həm də Vətən uğrunda canından keçən qəhrəman polis şəhidlərimizin əziz xatirəsinə ucaldılmış mənəvi abidədir.
Kitabın həsr olunduğu məzarsız yeddi polis şəhidi bunlardır:
- İsmayılov İsmayıl Barat oğlu – 5 avqust 1968-ci il, Zəngilan rayonunun Yuxarı Yeməzli kəndi.
- Bəşirov Fazil Arif oğlu – 27 dekabr 1967-ci il, Zəngilan rayonu.
- Quliyev Aqil Mehralı oğlu – 2 fevral 1969-cu il, Zəngilan rayonunun Ağkənd kəndi.
- Quliyev İlham İmamqulu oğlu – 15 iyul 1970-ci il, Zəngilan rayonunun Orta Yeməzli kəndi.
- İsmayılov Möhlət Bəhmən oğlu – 30 aprel 1968-ci il, Zəngilan rayonunun Dərə Gilatağ kəndi.
- Paşayev Sabir Əziz oğlu – 26 iyul 1969-cu il, Zəngilan rayonu.
- Nərimanov Elşad Əvəz oğlu – 20 oktyabr 1967-ci il, Zəngilan rayonu.
Qəhrəman polis əməkdaşlarının hər biri 25 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunun Dərzili kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid düşmüş, bu günə qədər nəşləri tapılmamışdır. Onların məzar yerləri bu gün də məlum deyil.
Əminik ki, "Bəyaz Durnalar" vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərimizi və şəhidlərimizin unudulmaz xatirəsini yaşadan dəyərli nəşrlərdən biri kimi oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılanacaq.