18 may 2026 16:38
113

Azərbaycan nümayəndəsi ilk dəfə Avropa Kamandan Oxatma Federasiyasının Komitəsinə seçilib

17 may 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində Avropa Kamandan Oxatma Federasiyasının (World Archery Europe) 20-ci Konqresi keçirilib. “İki sahil” xəbər verir ki, konqresdə Avropanın 38 ölkəsinin nümayəndələri iştirak ediblər. Konqres çərçivəsində kamandan oxatmanın inkişafı, federasiya komitələrinin fəaliyyəti və təşkilatın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan üçün əsas hadisə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilovun Federasiyanın İnkişaf və Texniki Komitəsinin tərkibinə seçilməsi olub. Bu komitə iştirakçı ölkələr arasında kamandan oxatmanın inkişafı və texniki istiqamətləri üzrə fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndəsinin Federasiyanın rəsmi komitəsinin tərkibinə seçilməsi ölkə kamandan oxatma idmanı üçün mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın bu idman növünün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə inkişafında daha fəal iştirakının göstəricisidir.

Səsvermənin nəticələrinə əsasən, Fərid Xəlilov ilk turda tələb olunan səs sayını toplayaraq komitənin üzvü seçilib və bununla da Federasiyanın rəsmi komitəsinə seçilən ilk Azərbaycan nümayəndəsi kimi tarixə düşüb.

Konqres çərçivəsində həmçinin Federasiyanın yeni rəhbərliyinə seçkilər keçirilib. Təşkilata 20 il rəhbərlik edən Mario Scarzella prezident postunu tərk edib. Federasiyanın yeni prezidenti isə daha əvvəl vitse-prezident vəzifəsində çalışmış Hakan Çakıroğlu (Türkiyə) seçilib.