17 may 2026 22:04
136

Malini Mehra: WUF13 çoxtərəfli tərəfdaşlıq üçün mühüm imkan yaradır

“GLOBE International”in baş icraçı direktoru, ötən il Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsinin kuratoru Malini Mehra Ümumdünya Şəhərsalma Forumunun Dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasında mühüm rol oynadığını bildirib.

“İki sahil” xəbər verir ki, o, AZƏRTAC-a açıqlamasında qeyd edib ki, forum son 25 ildə şəhər gündəliyi üzrə əsas qlobal platforma olub və hər iki ildən bir hökumətləri, şəhər rəhbərlərini və şəhərsalma sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirir.

Baş icraçı direktor bildirib ki, WUF13-ün əsas fərqi mənzil, məcburi köçkünlük və yaşayış məntəqələri ilə bağlı problemlərin iqlimə uyğunlaşma və fəlakət risklərinin idarə olunması ilə birlikdə müzakirə edilməsidir. Onun sözlərinə görə, iqlim dəyişiklikləri dövründə şəhərlərin dayanıqlılığı çoxtərəfli tərəfdaşlıq tələb edir.

M.Mehra Bakının WUF13-ə ev sahibliyini də yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan şəhər siyasəti üzrə qərarvericiləri və peşəkarları bir araya gətirən bu qlobal toplantıya həm böyük töhfə verə, həm də ondan çox şey əldə edə bilər. Diqqətə çatdırılıb ki, Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi edən ölkə kimi dayanıqlı şəhər inkişafını sədrliyinin prioritet istiqamətlərindən birinə çevirib. M.Mehra “yaşıl enerji”nin müasir şəhərlərin inkişafında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, daha təmiz və bərpaolunan enerji sistemləri şəhərlərin iqlim böhranının həllinə töhfə verməsinə imkan yarada bilər.

Qeyd edək ki, “GLOBE International” (Global Legislators Organisation for a Balanced Environment) qlobal miqyasda fəaliyyət göstərən təşkilatdır. Onun əsas məqsədi qanunvericilər arasında iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji idarəetmə sahəsində əməkdaşlığı gücləndirməkdir.