26 oktyabr 2026 18:15
196

Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya

Prezident İlham Əliyev: Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir

 Prezident İlham Əliyevin rəhbərliyi ilə planetimizdə sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərəqəraq olunması istiqamətində fəal və davamlı xarici siyasət yürüdən, beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini getdikcə möhkəmləndirən Azərbaycan bu gün çağdaş qlobal proseslərdə, beynəlxalq gündəliyin formalaşmasında fəal iştirak edir.   Rəsmi Bakı dövlətimizin başçısının rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra diplomatik mübarizədə əhəmiyyətli qələbələrə imza atıb. Ölkəmizin qırx dörd günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirləri nəticəsində əldə etdiyi tarixi hərbi qələbələri regional nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin mətninin hazırlanması ətrafında bu gün də davam edən gərgin diplomatik mübarizə ilə tamamlanır. Tarix dəfələrlə sübut edib ki, döyüş meydanında əldə olunan nəticələr daim diplomatik masada rəsmiləşdirilir.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı tarixi çıxışında bildirib ki, Azərbaycanın xarici siyasətlə bağlı atdığı addımlar dünyada böyük təqdirlə qarşılanır: “Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir. Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər. O cümlədən Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Nə üçün Azərbaycan seçilir? Çünki birincisi, bizə inam var. Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır”.

Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində dünyanın iki super gücü- Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətləri qurulub. Çinlə hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi, ABŞ ilə Strateji Xartiya imzalanıb.

Ölkəmizin beynəlxalq nüfuzunun ən real göstəriciləri qlobal və regional platformalarda təmsilçilik, diplomtik uğurlardır. Azərbaycan artıq 200-ə yaxın dövlətlə diplomatik münasibətlər qurub, dünyanın müxtəlif ölkələrində 90-dan çox diplomatik nümayəndəlik vasitəsilə təmsil olunur, 50-dən artıq beynəlxalq və regional təşkilatın tamhüquqlu üzvüdür. Son 23 il ərzində Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8, Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşləri və digər qlobal və regional paltformaların üzvü olaraq mühüm təşəbbüslərlə çıxış edir. Respublikamız son illərdə qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edərək beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərək qlobal sülh və təhlükəsizlik məsələlərinin müzakirəsində birbaşa iştirak edib. Ölkəmiz 2019-2023-cü illərdə BMT-dən sonra dünyanın ikinci ən böyük təsiastı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edərək, təşkilata yeni nəfəs gətirib, beynəlxalq hüququn prinsiplərini, xüsusilə dövlətlərin suverenliyini və ərazi bütövlüyünü müdafiə edib. 

Rəsmi Bakı, həmçinin əməli addımları ilə pandemiya dövründə qlobal həmrəyliyi gücləndirib. Azərbaycan uzun illərdən bəridir ki, “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi platformalar vasitəsilə radikalizmin və ksenofobiyanın qarşısının alınması üçün mədəniyyətlər və dinlər arasında körpü rolunu oynayır.

Azərbaycan Avropa İttifaqı (Aİ) səviyyəsində qurulan institusional əlaqələrlə yanaşı, ittifaqın 10 üzv dövləti ilə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinə malikdir.  

Azərbaycan son illədrə Qərbdəki tərəfdaşları ilə yanaşı, Şərqdə yerləşən yeni iqtisadi və siyasi güc mərkəzləri ilə davamlı əməkdaşlıq qurmaq istiqamətində mühüm addımlar atır. Ölkəmiz İslam həmrəyliyinin möhkəmlənməsinə böyük töhfələr verir, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə çox sıx əlaqələr qurur. Respublikamız 2027-ci ildə İƏT-in İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi edəcək və sədrliyi öz üzərinə götürəcək. Bundan başqa, 2024-cü ildə ölkəmizin D-8-ə üzv qəbul olunması bu təşkilatın yarandığı gündən bəri, təxminən 30 ildə ilk genişlənməsi olub və qurum daxilində D-9 dövrü başladılıb. Azərbaycanın ÜDM-i 4 trilyon dollardan çox olan və 1 milyarddan çox əhalini əhatə edən nəhəng bir iqtisadi bloka inteqrasiyası ölkəmizin İslam dünyasının böyük potensiala malik dövlətləri ilə siyasi əlaqələrini dərinləşdirir, eləcə də İslam həmrəyliyinin möhkəmlənməsinə və islamofobiya ilə qlobal mübarizəyə töhfə verir.

2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərən tarixi addımdır. Bu, təkcə Mərkəzi Asiyada deyil, həm də Cənubi Qafqazda yeni reallığın formalaşdığını göstərir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək Türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir.

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Prezident İlham Əliyevin iştirakı ilə 2026-cı il oktyabrın 8-də keçirilən 8-ci Məşvərət görüşü bu inteqrasiyanın regional təhlükəsizlik və inkişaf baxımından strateji əhəmiyyətini bir daha nümayiş etdirir.

Zahid Rza, “İki sahil”