17 may 2026 17:03
119

Kolumbiyalı mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün qlobal əməkdaşlıq platformasıdır

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı ilə bağlı real təcrübələrin və innovativ həllərin paylaşılması üçün mühüm qlobal platformadır.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Kolumbiyadan olan ətraf mühit və sanitariya mühəndisi, Kolumbiya Sanitar və Ətraf Mühit Mühəndisliyi Assosiasiyasında (ACODAL) fəaliyyət göstərən "WOP-Colombia" platformasının texniki koordinatoru Natalia Rinkon Paçeko bildirib.

Onun sözlərinə görə, "WOP-Colombia" Kolumbiyada su və sanitariya xidmətləri göstərən müəssisələr arasında qarşılıqlı əməkdaşlığı təşviq edən milli platformadır.

“Platforma kommunal xidmət qurumlarının texniki potensialının artırılması, əməliyyat fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də dayanıqlı və inklüziv su idarəçiliyinin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. WUF13-ün əsas üstünlüklərindən biri qlobal strategiyalarla yerli reallıqlar arasında körpü yaratmasıdır. Bu gün dünyanın müxtəlif şəhərləri su təminatı, sanitariya, iqlim dəyişiklikləri, mənzil təminatı, dayanıqlılıq və sosial inklüzivlik kimi oxşar çağırışlarla üzləşir. Forum əməkdaşlığın genişlənməsinə və innovativ yanaşmaların sürətləndirilməsinə mühüm töhfə verir”, - deyə Natalia Rinkon Paçeko qeyd edib.

Paçeko onu da əlavə edib ki, WUF13 su və sanitariya sahəsində fəaliyyət göstərən qurumlar arasında beynəlxalq əməkdaşlığın və qarşılıqlı öyrənmə imkanlarının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır: “Dayanıqlı şəhərlərin formalaşdırılması güclü və səmərəli ictimai xidmətlər, xüsusilə etibarlı su və sanitariya sistemləri olmadan mümkün deyil”.

Natalia Rinkon Paçeko əlavə edib ki, forum uzunmüddətli dayanıqlı şəhər transformasiyası üçün yeni tərəfdaşlıqların qurulmasına, texniki və maliyyə dəstəyinin səfərbər olunmasına da geniş imkanlar yaradır.