17 may 2026 15:54
148

BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi: Hər bir gənc təhlükəsiz və ləyaqətli yaşayış mühitinə layiqdir

Dünyada milyonlarla gənc hələ də qeyri-kafi mənzil şəraitində yaşayır, qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşır və iqlim dəyişikliklərinin təsirlərini birbaşa öz məhəllələrində hiss edir.

“İki sahil” xəbər verir ki, bu fikirləri BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasının panel iclasında videoçıxışı zamanı səsləndirib.

O bildirib ki, hər bir gənc təhlükəsizlik, ləyaqət və ümid hissi yaradan yaşayış mühitinə sahib olmalıdır.

“Hər bir şəhər, hər bir icma və hər bir məhəllə bunun təmin olunmasına görə məsuliyyət daşıyır. Bu isə əlçatan mənzil layihələrinə investisiya qoyuluşunu, əsas xidmətlərə çıxışın təmin edilməsini və uşaqların, gənclərin inkişaf edə biləcəyi təhlükəsiz və inklüziv ictimai məkanların yaradılmasını tələb edir”, – deyə Felipe Paullier vurğulayıb.

BMT rəsmisi qeyd edib ki, yaşayış mühiti yalnız mənzillərlə məhdudlaşmır və şəhərlərin yaşanılabilən olması məsələsi xüsusi əhəmiyyət daşıyır.

“Gənclər üçün yaşanılabilən şəhər sağlam, inklüziv və imkanlara malik şəhərdir. Belə şəhərlərdə əlçatan və münasib qiymətli mənzillər, təmiz hava, yaşıl məkanlar, təhlükəsiz nəqliyyat və əsas şəhər xidmətləri olmalıdır”, – deyə o bildirib.

Felipe Paullier əlavə edib ki, müasir dövrdə yaşanılabilən şəhər anlayışı həm də dayanıqlılığı ehtiva edir.

“İqlim dəyişiklikləri artıq uzaq təhlükə deyil. Bu proses şəhərləri və icmaları dəyişdirir. Dünyanın müxtəlif ölkələrində gənclər artıq innovativ təşəbbüslərlə çıxış edir, təşkilatlanır və şəhərlərin gələcəyini yenidən formalaşdırırlar”, – deyə BMT Baş katibinin köməkçisi vurğulayıb.

O qeyd edib ki, gənclərin keyfiyyətli təhsilə, layiqli iş imkanlarına və rəqəmsal imkanlara çıxışının təmin olunması şəhərlərin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.