14 may 2026 18:15
107

Fuad Sadıqov Gədəbəydə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Şəmkir rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən bağ sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi, arıçılıq təsərrüfatlarının sığortalanması və digər məsələlərlə bağlı olub.

Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Qəbuldan sonra Fuad Sadıqov Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən intensiv üzüm, şaftalı və nektarin bağlarına baş çəkib, təsərrüfatda həyata keçirilən hazırlıq işləri ilə tanış olub, fermerlərlə aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.