COP29 çərçivəsində Azərbaycan Respublikasının bank sektoru 2030-cu ilə qədər dayanıqlı və yaşıl layihələrə 2 milyard manat ayırmağı planlaşdırmışdı. Bunun nəticəsi olaraq, 2025-ci ildə artıq yaşıl və dayanıqlılıqla əlaqəli layihələrə müvafiq olaraq, 344 milyon və 27 milyon manat vəsait ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilir.
Belə ki, il ərzində “yaşıl nəqliyyat”a 201 milyon manat, dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakulturaya 49 milyon manat, enerji səmərəliyinə 31 milyon manat, bərpaolunan enerjiyə 24 milyon manat, su resurslarının dayanlıqlı idarə edilməsinə 18 milyon manat, dairəvi iqtisadiyyat və tullantıların idarə olunmasına 15 milyon manat, “yaşıl bina”lar və dayanıqlı tikintiyə 3 milyon manat, çirklənmənin qarşısının alınmasına yenə 3 milyon manat yaşıl kredit verilib. Biomüxtəlifliyin mühafizəsi və “yaşıl xidmət”lər üzrə maliyyələşmə olmayıb.
“Yaşıl kredit”lərin ümumi sayı isə 883 olub. Belə ki, bu rəqəm “yaşıl nəqliyyat” üzrə 516, dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura üzrə 170, enerji səmərəliyi üzrə 127, su resurslarının dayanlıqlı idarə edilməsi üzrə 28, dairəvi iqtisadiyyat və tullantıların idarə olunması üzrə 26, bərpaolunan enerji üzrə 15 olub.