14 may 2026 11:08
149

Bakıda ənənəvi III Kəlağayı Festivalı keçiriləcək

22 may 2026-cı il tarixində saat 18:00-da Bakı şəhəri, Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində III Kəlağayı Festivalı keçiriləcək.

“İki sahil” xəbər verir ki, festival Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı ev muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənə halını alan festival Azərbaycan xalq tətbiqi sənətinin incilərindən olan milli kəlağayı sənətinin təbliği, yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Bu ilki festival ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsimizin şəhər mədəniyyəti, memarlıq estetikası və şəhərsalma mühiti ilə vəhdəti mövzusuna xüsusi diqqət ayıracaq.

Festival çərçivəsində Kəlağayı Muzeyinin qədim kəlağayıları, milli baş geyimləri,  zəngin eksponatlarıı  və Güllü Eldar Tomarlının dekorativ tətbiqi sənətinə aid əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri nümayiş etdiriləcək, həmçinin milli musiqi və folklor nümunələrindən ibarət konsert proqramı təqdim olunacaqdır.

Tədbirdə eyni zamanda İsmayıllı və Basqal ustalarının istehsal etdiyi müxtəlif çeşidli kəlağayıların sərgisi və satışı təşkil ediləcək. Festival iştirakçıları milli sənət nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərimizin qorunması ilə yanaşı, Azərbaycan mədəniyyətinin estetik zənginliyini və milli sənət nümunələrinin müasir dövrdə yaşadılmasının əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.

Tədbirdə mədəniyyət nümayəndələri, ictimai xadimlər, sənət adamları, gənclər və media təmsilçilərinin iştirakı nəzərdə tutulur.