12 may 2026 19:03
165

“Real Madrid”ın prezidenti Florentino Peres təcili mətbuat konfransı keçirəcək

"Real Madrid" klubunun prezidenti Florentino Peres təcili mətbuat konfransı ilə çıxış edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mətbuat konfransı yerli vaxtla saat 18:00-da, direktorlar şurasının iclasından sonra keçiriləcək. İspaniya və beynəlxalq idman mediasında yayılan xəbərlərə görə, klub rəhbərliyi baş məşqçi postu ilə bağlı mühüm qərar qəbul etməyə hazırlaşır.

Məlumatlara əsasən, Joze Mourinyo “Real Madrid”in yeni baş məşqçisi postuna əsas namizədlərdən biri hesab olunur. “The Athletic” nəşri də daxil olmaqla müxtəlif media resursları Madrid təmsilçisinin portuqaliyalı mütəxəssislə danışıqlar apardığını yazıb.

Cari mövsümün əvvəlində komandanı Xabi Alonso çalışdırırdı. Yanvar ayında isə onu Alvaro Arbeloa əvəz edib. Lakin məşqçi dəyişikliyi komandaya gözlənilən nəticələri qazandırmayıb.

“Real Madrid” ardıcıl ikinci mövsümdür ki, ili titulsuz başa vurur. Klub İspaniya çempionatında ikinci pillədə qərarlaşıb və mövsümün başa çatmasına üç tur qalmış çempionluq şansını itirib. Komanda ölkə kubokunda 1/8 final mərhələsində ikinci divizion təmsilçisi Albaseteyə 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.