Azərbaycan enerji layihələri ilə bütün regionun ehtiyacını təmin edir.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Belqrad Enerji Forumunda "Cənub-Şərqi Avropada enerji keçidinin təmin edilməsi: əməkdaşlıq, dayanıqlılıq, liderlik" mövzusunda keçirilən panel sessiyasında bildirib. O qeyd edib ki, bu gün Azərbaycan çox geniş regionun təbii qaz təchizatçısıdır: "Azərbaycan əsasən üç böyük enerji mənbəyinə malikdir. Ölkəmiz 20-ci əsrin əvvəllərində dünyada neft istehsalının 80 %-dən çoxunu təmin edirdi və neft inqilabının öncüllərindən biri idi. İkinci Dünya Müharibəsi zamanı isə Azərbaycan cəbhəsi Sovet və müttəfiq qüvvələr üçün lazım olan neftin təxminən 80 %-ni təmin edirdi. Müstəqillik əldə etdikdən sonra biz neft sənayesini daha da genişləndirdik və neft daşımalarını Aralıq dənizinə qədər uzanan boru kəmərləri ilə təmin etdik. Bu neftin böyük hissəsi Avropa ölkələrinə gedir".
E.Soltanov diqqətə çatdırıb ki, 2000-ci ildən etibarən isə qaz nəqli infrastrukturu da inkişaf etdirilib və Azərbaycan təbii qaz sektorunun da ön sıralarında yer alıb: "İndi isə məqsədimiz "yaşıl enerji" inqilabında da öncül olmaqdır. Əvvəlki çıxışçılardan fərqli olaraq qeyd etmək istəyirəm ki, bu proses təkcə təbii resurslarla bağlı deyil. Biz enerji layihələri vasitəsilə yalnız Azərbaycanın deyil, həm də regionumuzun enerji ehtiyaclarını həll edirik. Yəni Azərbaycan həm özünə fayda verir, həm də daha geniş regiona töhfə verir. Bu baxımdan xüsusilə təbii qazla bağlı biz həmişə deyirik ki, Azərbaycan sadəcə qaz ixrac etmir – enerji təhlükəsizliyi ixrac edir. Hər kubmetr qaz eyni deyil. Son illər görmüşük ki, qazın etibarlı mənbədən gəlməsi çox önəmlidir. Bunların fonunda hazırda qlobal istiləşməyə töhfəmiz 1 %-dən də azdır".