09 may 2026 13:00
148

Hərbi Prokurorluq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirib

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə C.Naxçıvanski adına hərbi liseydə Ümummilli Lider Heydər Əliyev anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər irsi və milli hərbi təhsilin inkişaf yolu” adlı tədbir keçirib.

“İki sahil” xəbər verir ki, tədbirin əvvəlində C.Naxçıvanski adına hərbi liseydə yaradılmış “Heydər Əliyev muzeyi” ziyarət olunub, muzeydə Ümumi Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülərək, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Hərbi prokuror Bəhruz Əhmədov tədbirdə çıxış edərək, Azərbaycan tarixində ilk dəfə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətçi kimi 1971-ci ildə sovet totalitarizminin çətinliklərinə baxmadan Azərbaycanın hərbi gələcəyinin əsası olan Cəmşid Naxçıvanski adına hərbi liseyini yaratması və milli hərbi təhsilin inkişaf yolu barədə geniş məlumat verib.

Vurğulanıb ki, bu məktəbin məzunları və onların davamçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərib. Ümumi Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillərə nümunə olacaqdır.

Hərbi liseyin kursantları öz çıxışlarında Ulu Öndərin əsasını qoyduğu təhsil müəssisəsində təhsil almaqdan qürur hiss keçirdiklərini bildirib, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Tədbirin sonunda xidmətdə fərqlənən kursantlara hədiyyələr təqdim edilib və təhsildə uğurlar arzulanıb.