07 may 2026 12:20
100

PROFEN və Azərkosmos Avropa, Yaxın Şərq və Afrikada xidmətlərini genişləndirir

Türkiyənin peyk rabitə həlləri təminatçısı olan PROFEN şirkəti ilə Azərbaycanın milli peyk operatoru olan Azərkosmos arasında İstanbulda keçirilən “SAHA Expo 2026” çərçivəsində peyk tutumundan istifadə ilə bağlı əməkdaşlıq razılaşması imzalanıb.

“İki sahil” xəbər verir ki, razılaşmaya əsasən, PROFEN şirkəti Azerspace-1 və Azerspace-2 peyklərinin imkanlarından istifadə edərək Türkiyə, Avropa, Yaxın Şərq və Afrika regionlarında peyk rabitə xidmətləri göstərməyi planlaşdırır. Əməkdaşlıq çərçivəsində PROFEN-in Konya və Ankara şəhərlərində yerləşən yerüstü stansiya infrastrukturu ilə Azərkosmosun mövcud peyk imkanlarının inteqrasiyası nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşlıq mobil rabitə, o cümlədən uçuşdaxili internet xidmətləri (In-Flight Connectivity) və dənizçilik sahəsində peyk bağlantısını da əhatə edir.

Qeyd edək ki, bu əməkdaşlığın məqsədi regionda artan internet və rabitə ehtiyacına daha çevik və etibarlı həllər təqdim etməkdir.

PROFEN peyk rabitə texnologiyaları sahəsində fəaliyyət göstərən Türkiyə mənşəli texnologiya şirkətidir. Şirkət peyk sistemləri, yer seqmenti infrastrukturu və sistem inteqrasiyası üzrə ixtisaslaşıb. PROFEN quru, hava və dəniz platformaları üçün müxtəlif rabitə həlləri təqdim edir.

Azərkosmos isə Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq ölkədə kosmos sənayesinin inkişafında mühüm rol oynayır. 2010-cu ildə yaradılmış qurum hazırda orbitdə Azerspace-1 və Azerspace-2 telekommunikasiya peyklərini idarə edir və Avropa, Asiya, Afrika və Yaxın Şərq regionlarında 45-dən çox ölkəyə peyk xidmətləri təqdim edir. Bundan əlavə, Azərkosmos yeni peyk layihələri üzərində də fəaliyyətini davam etdirir.