Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən kiberidman üzrə komissiyanın fəaliyyətinin dayandırılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, Yaponiyanın “Livedoor News” nəşrinin təşkilatdakı adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumata görə, BOK-un yeni prezidenti Kirsti Koventri dövründə bu sahənin inkişafı ilə bağlı bir sıra təşəbbüslərin geri çəkilməsi ehtimalı artıb.
Məlumatda bildirilir ki, BOK daxilində kiberidmanın tamhüquqlu idman növü kimi tanınmasının məqsədəuyğunluğu ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Təşkilat rəhbərliyi daha çox ənənəvi idman növlərinə fokuslanmağı planlaşdırır.
Kiberidman komissiyası BOK tərəfindən 2023-cü ildə yaradılmışdı. Bundan əvvəl təşkilat “kiberidman həftəsi” də keçirmişdi.
2024-cü ilin yayında keçirilən 142-ci BOK sessiyasında Olimpiya kiberidman oyunlarının yaradılması barədə qərar qəbul olunmuşdu. Planlaşdırmaya əsasən, bu oyunların tək illərdə keçirilməsi nəzərdə tutulurdu və ilk yarışın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkili planlaşdırılırdı. Əvvəlcə 2025-ci ilə nəzərdə tutulan tədbir daha sonra 2027-ci ilə təxirə salınmışdı. Lakin 2025-ci ilin oktyabrında BOK ilə Səudiyyə Ərəbistanının Olimpiya və Paralimpiya Komitəsi (SOPC) arasında bu sahədə əməkdaşlığın dayandırıldığı bildirilmişdi.