03 may 2026 14:56
149

AQC-nin yeni komandasının 1 ili: hansı işlər görülüb? - FOTO/VİDEO

3 may 2025-ci il tarixində keçirilən VIII Hesabat-Seçki Konfransı AQC-nin tarixində yeni bir mərhələnin başlanğıcı olub. AQC sədri Vüqar Oruc ikinci dəfə Cəmiyyətinin sədri seçilib və komandasına etimad göstərilib.

“İki sahil” xəbər verir ki, ötən 1 il ərzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) öz institusional mövqeyini mütləq mənada möhkəmləndirib, peşəkar birlik kimi milli və beynəlxalq səviyyədə nüfuzunu ən yüksək həddə çatdırıb.

Bu fəaliyyətin məntiqi nəticəsi kimi, AQC “İlin ən fəal assosiasiyası” nominasiyası üzrə təltif olunub, Cəmiyyətin İdarə Heyətinin sədri Vüqar Oruc isə yüksək peşəkarlığına və iqtisadiyyata verdiyi töhfələrə görə “İlin iqtisadçı eksperti” seçilib.

Vüqar Orucun yenidən sədr seçilməsi ilə idarəetmənin effektivliyini artırmaq məqsədilə yeni kadr təyinatları həyata keçirilib və AQC-nin idarəetmə strukturu əsaslı şəkildə genişləndirilib. Tanınmış iqtisadçı-ekspertlər AQC-ni seçərək Cəmiyyətin strukturunda yer alıblar.

Eyni zamanda Cəmiyyətinin fəaliyyətinin müxtəlif qurumlarla əlaqəli şəkildə inkişafı üçün koordinatorlar təyin olunub, AQC nəzdində bir neçə komissiyasa fəaliyyətə başlayıb. Ölkənin nüfuzlu iqtisadçıları, memarları, hüquqşünasları, bank, sığorta sektorunun tanınmış simaları AQC sıralarına qoşularaq fəaliyyət istiqamətlərinin genişlənməsinə öz töhfələrini veriblər.

Ötən 1 il ərzində 10-a yaxın şirkət AQC – yə üzv olub. Hazırda AQC 50-dən çox peşəkar qiymətləndirmə şirkətini öz ətrafında birləşdirən nəhəng bir platformadır.

AQC “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin hazırlanmasında və Milli Məclisdəki müzakirələrində əsas ekspert tərəfi kimi çıxış edib, qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank və Dövlət İmtahan Mərkəzi (DİM) ilə sıx əməkdaşlıq qurulub.

Xüsusilə, DİM imtahan suallarının məzmunu ilə bağlı AQC-nin təklifləri və bu imtahanlara hazırlıq məqsədilə təşkil olunan kurslar peşəyə giriş standartlarını müasirləşdirib.

Ötən dövr ərzində ən mühüm nailiyyətlərdən biri də Azərbaycan Standartlaşdırma İnstitutunun “Milli Qiymətləndirmə Standartları” üzrə Texniki Komitəsinin yaradılması və Vüqar Orucun sədr təyin edilməsi olub. Milli Qiymətləndirmə standartlarının hazırlanmasının AQC-yə həvalə edilməsi dövlətin bu sahədə Cəmiyyətə olan etimadının göstəricisidir.

Ötən bir il ərzində Cəmiyyətinin ən böyük beynəlxalq nailiyyətləri sırasında AQC-nin birbaşa təşəbbüsü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) təsis edilməsi olub. AQC sədri bu nüfuzlu qurumun prezidenti statusunu daşıyır və Türk dünyası ölkələri arasında qiymətləndirmə standartlarının birgə tətbiqi istiqamətində göstərdiyi xidmətlərə görə “Türk Dünyasına Xidmət Ödülü” ilə təltif olunub.

Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVS) rəhbərliyindən daxil olan rəsmi məktubda AQC-nin qlobal inteqrasiya səyləri yüksək qiymətləndirilib. Bununla yanaşı Avropa və Türk Dövlətlərinin müvafiq qurumları ilə sazişlər imzalanıb, nümayəndə heyəti beynəlxalq forumlarda yüksək mükafatlara layiq görülüb.

Bir il ərzində Elmi, Metodiki və Rəqəmsal İnkişaf Cəmiyyəti əsas istiqamətlərindən biri olub. Tanınmış alimlərdən ibarət komanda ilə fəaliyyətə başlayan Elmi-Metodiki Şura, sahə üzrə “Qiymətləndirmə və İqtisadiyyat” adlı elmi jurnalın təsis edilməsi və Beynəlxalq Qiymətləndirmə Standartlarının (BQS) ən son versiyasının Azərbaycan dilinə tərcüməsi, müxtəlif kurslar, seminarların təşkili istiqamətində tarixi addımlar atılıb.

Eyni zamanda, Cəmiyyətin yeni internet portalı – AQC.az tam funksional vəziyyətə gətirilib və ictimaiyyətə təqdim olunub.

Bank-sığorta sektoru ilə Bank Ekspertlər Şurası vasitəsilə qurulan əlaqələr, ölkənin nüfuzlu universitetləri ilə imzalanan memorandumlar, aparılan struktur islahatları və beynəlxalq uğurlar AQC-ni ölkə iqtisadiyyatının drayverlərindən birinə çevirib.

2026-cı ildə böyük hədəflərə doğru irəliləyən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti şəffaflıq, peşəkarlıq və qlobal standartlara sadiqlik prinsipləri ilə öz inkişaf tarixinə yeni səhifələr yazmağa davam edir.

AQC artıq təkcə qiymətləndiricilərin deyil, bütün ekosistemin nümayəndələrini özündə birləşdirir.

Artıq bütün sahələrdə fəaliyyət göstərən şəxslər AQC-yə qoşulması Cəmiyyətinin fəaliyyət istiqamətlərini də genişləndirir.

Artıq AQC idarəetmə, tikinti, memarlıq, hüquq, əmlak, bank, sığorta, elm, təhsil, beynəlxalq əlaqələr və digər sahələri özündə birləşdirir.