28 aprel 2026 15:46
252

Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır

Xarici siyasət uğurlarımızdan bəhs edərkən Azərbaycanın  əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyi, qarşılıqlı səfərlər fonunda artan nüfuzu xüsusi vurğulanır. Buna əmin olmaq üçün təkcə çari ilin ötən dövründə paytaxt Bakımızın  ev sahibliyi etdiyi tədbirlərin, həmçinin  bu və ya digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana  davamlı səfərlərinə diqqət yetirmək kifayətdir. Bu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, Prezident İlham Əliyevə göstərilən böyük etimadın nümayişidir. Bu reallıq hər zaman böyük qürur hissi ilə qeyd olunur ki, əgər əvvəlki illərdə Azərbaycan reallıqlarının  beynəlxalq ictimaiyyətə  çatdırılması üçün  bu və ya digər ölkələrə səfərlər edilirdisə, bu gün Azərbaycanın müxtəlif mövzuda beynəlxalq tədbirlərə ev sahibliyi həqiqətlərimizin  dünya ictimaiyyətinə çatdırılmasına geniş imkanlar yaradır. Azərbaycanın  sabit, təhlükəsiz, bugünün mühüm reallığı olan sülh şəraitində  yaşayan ölkə kimi tanınması xarici siyasət uğurlarımıza mütəmadi yeniliklər əlavə edir. Bu baxımdan tarixi Zəfərimizdən sonra əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi diqqətdən kənarda qalmır.

Bu gün diqqəti çəkən mühüm məqamlardan biri də artıq bu və ya digər ölkələrin dövlət və hökumət başçılarının paytaxt Bakı ilə yanaşı, regionlarımızda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə qarşılanması, beynəlxalq tədbirlərin bu məkanlarda keçirilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin ukraynalı həmkarı Volodimir Zelenskindən sonra Çex Respublikasının Baş naziri Andrey Babişi  Qəbələdə qarşılaması xüsusilə diqqət çəkir. Bu, regionların diplomatik mərkəz kimi artan rolunun təqdimatıdır. Ötən il Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin strateji əhəmiyyətini artırıb. Bu isə o deməkdir ki, Qəbələ artıq Bakı və Şuşa ilə yanaşı, Azərbaycanın yeni diplomatik-siyasi mərkəzi kimi formalaşır. Dövlət başçısı İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Qəbələdə keçirilən  Azərbaycan-Çexiya biznes-forumundakı çıxışında bildirdi ki, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün deyərdim ki, Azərbaycanın turizm paytaxtıdır. Çex Respublikasının Baş naziri Andrey Babiş isə öz növbəsində qeyd etdi ki, ən dinamik ölkələrdən biri olan Odlar diyarı Azərbaycanla əlaqələrin gücləndirilməsinə və yeni üfüqlərin kəşfinə həsr olunmuş Çexiya-Azərbaycan biznes-forumu üçün burada, Qəbələdə olmaqdan böyük şərəf hissi duyuram.

 Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 Milli Məclisin deputatı qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq dərin və möhkəm təməllərə söykənir. Bu münasibətlər strateji tərəfdaşlıq, siyasi, iqtisadi və mədəni sahələrdə uzun illərdir uğurla inkişaf edir. Çex Respublikası  Azərbaycanın müstəqilliyini  1992-ci ilin yanvarında  tanıyıb.  İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ilin yanvarında  qurulub. Azərbaycanın  Çexiyadakı səfirliyi  2005-ci ildə, Çexiyanın Azərbaycandakı səfirliyi isə  2019-cu ildə təsis edilib. Prezident İlham Əliyevin  2013-cü ildə imzaladığı  Sərəncam ilə Azərbaycanın Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilib. “Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılıb. 2015-ci ildə isə   Bakıda “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin dinamikliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.

Vüqar Rəhimzadə vurğulayıb ki, qarşılıqlı səfərlər münasibətlərdə yeni səhifə açır. Hər dövrün çağırışlarına uyğun olaraq müzakirələrin aparılması,  yeni istiqamətlər üzrə əməkdaşlığın müəyyənləşdirilməsi, sənədlərin imzalanması əlaqələrin gələcək inkişafı üçün yol xəritəsi  rolunu oynayır. Prezident İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş ilə  keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, liderlərin mətbuata birgə bəyanatlarında ənənəvi sahələrlə yanaşı, yeni istiqamətlərdə də əlaqələrin qurulması geniş müzakirə edildi. Prezident İlham Əliyev vurğuladı ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda  onu da əlavə etdi ki, biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır.

Millət vəkili bildirib ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır.  Bu reallığı Çex Respublikasının Baş naziri xüsusi vurğuladı. Andrey Babiş bildirdi ki, buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz Azərbaycana etdim.  Dövlətimizin başçısı İlham Əliyev ikitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə Avropa İttifaqından ilk kənar ölkəyə - Azərbaycana səfər etdiyinə görə Baş nazir Andrey  Babişə minnətdarlığını ifadə etdi. Bildirdi ki, biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq. Prezident İlham Əliyev onu da qeyd etdi ki,  bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və  qarşımızda çox gözəl perspektivlər açılır.

  Vüqar Rəhimzadə  vurğulayıb ki, Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev həm mətbuata bəyanatında, həm də Azərbaycan-Çexiya biznes-forumundakı çıxışında Azərbaycanın iqtisadi uğurlarından, ölkəmizin biznes imkanlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlardan geniş bəhs etdi.  Bildirdi ki, son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi, əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa, heç bir iqtisadiyyat inkişaf edə bilməz. “Moody's” Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var.

Millət vəkili bildirib ki, Azərbaycanın  iqtisadi və siyasi müstəqilliyi, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti ölkəmizin beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdəndir. Azərbaycan geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul edilir. Azərbaycanın Avropa ilə yeni mərhələyə daxil olan  münasibətləri uğurla davam edir. Çex Respublikasının Baş nazirinin Qəbələ səfəri Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.