27 aprel 2026 00:39
111

Malinin Kidal şəhəri Tuareq üsyançılarının nəzarətinə keçib

Malinin şimalında Tuareq üsyançıları ilə hökumət qüvvələri arasında döyüşlər qızışıb. Bu gün üsyançılar Kidal şəhərinə nəzarəti tam ələ keçirdiklərini və rusiyalı hərbçilərin daxil olduğu “Afrika Korpusu”nun bölmələrinin şəhərdən çıxarılması barədə razılıq əldə olunduğunu bildiriblər.

“İki sahil” “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, razılığa əsasən, Mali ordusu və müttəfiqlərinin hərbi qüvvələri şəhərdə yerləşən düşərgələrdən birini tərk ediblər. Yerli sakinlər hərbi karvanın şəhərdən ayrıldığını, hazırda küçələrdə, əsasən silahlı qruplaşma üzvlərinin göründüyünü qeyd ediblər.

Bununla yanaşı, paytaxt Bamako yaxınlığında yerləşən Kati şəhərində də “əl-Qaidə” ilə əlaqəli qruplaşma və Tuareq üsyançıları ilə Mali ordusu arasında silahlı toqquşmaların yenidən baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, bölgədə hökumət qüvvələri ilə radikal silahlı qruplar arasında döyüşlər davam edir, əməliyyatlara aviasiya da cəlb olunub.

Paytaxt Bamakoya hücum nəticəsində Malinin müdafiə naziri Sadio Kamaranın öldürüldüyü bildirilir.