Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya silahlı qüvvələrinin Krımdakı bir neçə mühüm hərbi hədəfinə, o cümlədən üç hərbi gəmiyə, bir qırıcı təyyarəyə və hava hücumundan müdafiə qurğularına zərbə endirib.
“İki sahil” xəbər verir ki, bu barədə UTX mətbuat xidməti “Telegram”da məlumat verib. Məlumatda deyilir ki, Ukrayna Prezidentinin verdiyi tapşırıqları yerinə yetirən UTX-nin “Alfa” bölməsinin hərbçiləri dünən gecə Sevastopoldakı Rusiya Qara Dəniz Donanmasının hərbi dəniz bazasında, eləcə də Krımın Belbek hərbi aerodromunda uğurlu xüsusi əməliyyat keçiriblər.
UTX-nin pilotsuz təyyarələri Rusiya Hərbi Dəniz Qüvvələrinin “Yamal” və “Filçenkov” desant gəmilərini, “İvan Xurs” kəşfiyyat gəmisini, “Lukomka” təlim mərkəzini, Hava Hücumundan Müdafiə Qüvvələrinin Elektron Kəşfiyyat Qərargahını, MR-10M1 “Mys-M1” radarını, Belbek Aerodromundakı MiQ-31 təyyarəsini və Belbek Aerodromun Təmir və Əməliyyatlar Bölməsini vurub.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəis vəzifəsini icra edən Yevgeni Xmara qeyd edib ki, hər bir belə əməliyyatın aydın bir məntiqi var: “Biz düşmənin hərbi infrastrukturunun əsas elementlərini - donanma, aviasiya, kəşfiyyat və hava hücumundan müdafiəni metodik şəkildə məhv edirik. Bu, təkcə birbaşa avadanlıq itkisini deyil, həm də düşmənin kosmosa nəzarət etmək, qüvvələrini qorumaq və yeni hücumlar planlaşdırmaq qabiliyyətinin məhv edilməsini nəzərdə tutur. Bu iş Rusiyanın dövlətimizə qarşı təcavüzünə son qoyana qədər davam edəcək”.