Bu gün Malidə silahlı qruplaşmalar ölkənin şimalındakı bəzi strateji mövqeləri ələ keçiriblər. Paytaxt Bamako yaxınlığında da toqquşmaların baş verdiyi bildirilir.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, Mali ordusu Bamako və digər şəhərlərdə silahlı qrupların koordinasiyalı hücumlarından sonra vəziyyəti nəzarət altına almaq üçün əməliyyatlar həyata keçirir. Ordu bəyanatında qeyd edib ki, kimliyi məlum olmayan silahlı terrorçu qruplar paytaxtdakı müəyyən mövqeləri və hərbi kazarmaları hədəf alıblar.
ABŞ və bir sıra Avropa ölkələrinin vətəndaşlarını Maliyə səfər etməkdən çəkindirməsi və orada olan vətəndaşlarına maksimum ehtiyatlı olmaları ilə əlaqədar çağırışları vəziyyətin ciddiliyini əks etdirir.
Artıq on ildən çoxdur ki, Malidə qeyri-sabitlik hökm sürür. Mərkəzi hakimiyyət “əl-Qaidə” və “İŞİD” ilə əlaqəli cihadçı qruplarla, eləcə də şimalda separatçı hərəkatlarla mübarizə aparır.
Hazırkı gərginlik isə vəziyyətin daha təhlükəli olduğunu göstərir. Qarşıdurmalar yalnız ölkənin şimalı ilə məhdudlaşmır, paytaxt ətrafına qədər yayılıb. Bu da silahlı qrupların eyni vaxtda və genişmiqyaslı əməliyyatlar həyata keçirmək qabiliyyətinə malik olduğunu göstərir.