Yunanıstan və Fransa 2021-ci ildə imzalanmış strateji tərəfdaşlıq və əməkdaşlıq sazişinin müddətini uzadaraq müdafiə sahəsindəki əməkdaşlığı gücləndiriblər.
“İki sahil” xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu barədə Afinada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra bildirib.
K.Mitsotakisin sözlərinə görə, strateji ittifaq qurmaq qərarı beş il əvvəl seçilmiş kursun davamıdır.
"Müdafiə sahəsində nəticələr göz qabağındadır", - o, ölkənin hərbi dəniz qüvvələrinin, xüsusən "Kimon" da daxil olmaqla "Belharra" sinifli freqatlarla gücləndiyini, eləcə də yaxın aylarda "Nearxos" və "Formion", 2028-ci ildə isə "Femistokl" gəmilərinin çatdırılmasının gözlənildiyini qeyd edərək bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Yunanıstan Hərbi Hava Qüvvələrinin imkanları 24 ədəd "Rafale" qırıcı təyyarəsinin çatdırılması, eləcə də MICA raketlərinin modernləşdirilməsi üçün imzalanmış müqavilə sayəsində xeyli genişlənib.
Onun sözlərinə görə, Fransa ilə əməkdaşlıq ölkənin çəkindirici potensialını gücləndirir, milli və Avropa sərhədlərinin qorunmasına töhfə verir.
K.Mitsotakis əlavə edib ki, Yunanıstan-Fransa tərəfdaşlığı mövcud geosiyasi dəyişikliklər fonunda uzaqgörən addımdır və Avropanın təhlükəsizlik, müdafiə sahəsində strateji muxtariyyətə olan daha geniş ehtiyacını əks etdirir.