Şəfəq Nəzərova: Əsas problem xəstəliyin özü deyil, risk faktorlarının erkən yaşlarda formalaşmasıdır
Son illərdə gənclər arasında ürək-damar xəstəlikləri (ÜDX) ilə bağlı risk faktorlarının artması ciddi ictimai-səhiyyə problemi kimi diqqət çəkir. Mütəxəssislərin fikrincə, bu tendensiya təkcə ayrı-ayrı ölkələrdə deyil, ümumilikdə qlobal miqyasda müşahidə olunur və region ölkələri də bundan kənarda deyil. Azərbaycanda geniş və detallı statistik göstəricilər hələ məhdud olsa da, klinik müşahidələr və beynəlxalq tədqiqatlar gənc yaşlardan etibarən risk bazasının formalaşdığını göstərir. Xüsusilə həyat tərzi amillərinin dəyişməsi, qeyri-sağlam qidalanma, fiziki aktivliyin azalması və stress kimi faktorlar gənclər arasında ürək-damar sağlamlığı üçün əlavə yük yaradır.
Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Şəfəq Nəzərova “İki sahil”ə özəl açıqlamasında bildirib ki, gənclər arasında ürək-damar xəstəliklərinin artması xəstəliyin özü ilə deyil, risk bazasının erkən yaşlarda formalaşması ilə bağlıdır.

Onun sözlərinə görə, qlobal məlumatlara əsasən ÜDX artıq yeniyetmə və gənc yaşlarda da rast gəlinir. Region üzrə tədqiqatlar isə göstərir ki, gənclər arasında risk faktorları kifayət qədər geniş yayılıb və bəzi araşdırmalarda bu göstərici təxminən 20 faizdən yuxarı qiymətləndirilir. Bu isə o deməkdir ki, xəstəlik özü yox, risk bazası artıq gənc yaşlarda formalaşır.
Azərbaycanda gənclər arasında əsas risk faktorları kimi qeyri-sağlam qidalanma, fast-food və yüksək kalorili qidaların, eləcə də duz və yağın çox istifadəsi göstərilir. Bu vəziyyət piylənmə, erkən insulin rezistentliyi və 2-ci tip şəkərli diabet riskini artırır.
Eyni zamanda, siqaret və digər nikotin tərkibli məhsulların erkən istifadəsi damarların zədələnməsinə və erkən aterosklerozun inkişafına səbəb olur. Oturaq həyat tərzi, fiziki aktivliyin azalması və uzun müddət telefon, kompüter qarşısında vaxt keçirmək isə metabolik sindrom və hipertoniya riskini artırır.
Şəfəq Nəzərova bildirib ki, stress və yuxusuzluq da gənclərin sağlamlığına təsir edən mühüm amillərdəndir. Akademik və sosial gərginlik fonunda kortizol səviyyəsinin yüksəlməsi qan təzyiqinin artmasına və ürək ritm pozğunluqlarına gətirib çıxara bilər.
Onun sözlərinə görə, hazırda gənclər arasında hipertoniya, dislipidemiya və 2-ci tip şəkərli diabet kimi risklər daha erkən yaşlarda aşkarlanır və bu hallar gələcəkdə ürək-damar xəstəlikləri və infarkt riskini formalaşdırır. Həkim əlavə edib ki, genetik meyillilik də mühüm rol oynayır. Ailəsində erkən infarkt və ya hipertoniya olan şəxslərdə risk 2–3 dəfə daha yüksək olur, lakin bu risk əsasən həyat tərzi ilə daha da güclənir. Klinik müşahidələr göstərir ki, Azərbaycanda artıq 30–40 yaş aralığında hipertoniya, koronar ürək xəstəliyi və erkən infarkt halları əvvəlki illərlə müqayisədə daha çox qeydə alınır. Bu isə gənclər arasında risk faktorlarının artdığını göstərir.
Şəfəq Nəzərova sonda bildirib ki, Azərbaycanda gənclər arasında ürək-damar xəstəliklərinin özü hələ geniş yayılmasa da, risk faktorlarının sürətlə artması gələcəkdə xəstəlik yükünün yüksələcəyinə işarədir. Onun sözlərinə görə, əsas problem xəstəliyin özü deyil, risklərin erkən yaşlarda formalaşmasıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”