20 aprel 2026 15:01
326

Vüqar Rəhimzadə: Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur

Sosial şəbəkələrdə və digər internet resurslarında cəmiyyətə, dövlətə və dövlət strukturlarına  qarşı açıq təhqir və aqressiv çağırışlar artıq Vətən xainləri üçün adət halını alıb. Bu xainlərin əsl siması Azərbaycan xalqına  çox yaxşı bəllidir.  Xalqımız dövlətə, xalqa qarşı müxalifətdə olmağın, dövlətçilik əleyhinə fəaliyyətin acı nəticələrini   90-cı illərin əvvəllərində yaşadı. 1992-ci ildə bədnam AXC-Müsavat cütlüyünün  hakimiyyəti güc yolu ilə zəbt etməsindən sonra ölkəmizdə vəziyyət daha da ağırlaşaraq faciəvi mərhələyə qədəm qoydu. Satqın, dönük, rəzil AXC-Müsavat hakimiyyəti Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Ölkədə vətəndaş müharibəsi başladı, respublika dərin böhrana sürükləndi. Belə bir şəraitdə Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət geniş vüsət alırdı. Azərbaycan xalqı bu rəzil, xəyanətkar, səriştəsiz dəstənin bir illik  hakimiyyətini tariximizin qaranlıq səhifəsi kimi  xatırlayır. Azərbaycan o illərdə “olum, ya ölüm” dilemması qarşısında qalmışdı.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi. Dövlət başçısı İlham Əliyev çıxışlarında həmin dövrün reallıqlarından geniş bəhs edərək bildirir ki,  ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Bütün vəzifələrə rüşvət müqabilində təsadüfi insanlar  təyin edilirdi. Kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri?  Ölkə Prezidenti bu çağırışı da edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, radikalların, o cümlədən xaricdəki “söyüş müxalifəti”nin anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirməsi, anti-milli fəaliyyəti, milli-mənəvi dəyərlərimizə qənim kəsilməsi ictimaiyyətdə  qəzəb, nifrət doğurur. Reallıq budur ki, dövlətə, milli maraqlara qarşı yönələn dağıdıcı, radikal və destruktiv davranışlar anti-Azərbaycan dairələrin, müstəqil siyasətimizi həzm edə bilməyənlərin tezislərinə əsaslanır. Dövlətimizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu, qlobal siyasi proseslərə genişlənən təsir imkanları bəzi dairələri narahat edir, onların siyasi qısqanclıq hissini daha da artırır. Dövlətimizin güclənməsi, bütün platformalarda milli maraqlarımızın yüksək səviyyədə müdafiə olunması həmin dairələrin dərhal sosial şəbəkələrdə “söyüş müxalifəti” alətini işə salmasına səbəb olur.

Vüqar Rəhimzadə vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan rolu onun strateji mövqeyi və düşünülmüş siyasi kursunun məntiqi nəticəsidir. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycan regional aktordan daha geniş miqyasda təsir imkanlarına malik ölkəyə çevrilib. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll edilməsinə səy göstərir. Azərbaycanın dünyaya nümayiş etdirdiyi sülh təcrübəsi son illərdə keçirilən beynəlxalq tədbirlərdə təqdir edilir, nümunə göstərilir. Bu isə dövlətimizin başçısının gündən-günə artan beynəlxalq nüfuzunun, Ona olan böyük etimadın  göstəricisi olmaqla yanaşı, Azərbaycanın qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirməsinin,  regionda lider ölkə kimi rolunu daha da gücləndirməsinin təsdiqidir. Azərbaycan Cənubi Qafqazda strateji və geosiyasi baxımdan vacib ölkədir. Enerji resursları və nəqliyyat dəhlizləri baxımından əhəmiyyətli rol oynayan Azərbaycan daim mötəbər beynəlxalq tədbirlərdə diqqət mərkəzində olur.

Millət vəkili bildirib ki, amma Azərbaycanın bu uğurlarından narahat olan dairələr dərhal “söyüş müxalifəti”ni işə salaraq dövlətimizin güclənməsi və suverenliyinə qarşı yalan, böhtan kampaniyasına start verirlər. Bu  antimilli ünsürlər tarixi Zəfərimizə, dövlətimizin qlobal miqyasda əldə etdiyi uğurlara kölgə salmaq, milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Əxlaqi-mənəvi deqradasiyaya uğrayan, milli hissiyyatını itirən, öz xalqına, Vətəninə düşmənçilik edən bu nankorlar, əqidəsizlər sosial şəbəkələrdə fəallaşaraq cəfəngiyyat, qarayaxma, xəyanətkarlıqla məşğuldurlar. Xalqımıza qarşı düşmənçilik yolunu tutan, xəyanət simvoluna çevrilən, ailə dəyərlərindən, mənəvi-əxlaqı dəyərlərdən uzaq olan bu antimilli ünsürlərin  qarayaxmaları heç bir nəticə verməyəcək. Əksinə, xalqın əxlaqi dəyərlərdən uzaq olan bu siyasi qullara nifrəti getdikcə daha da artır. Dağıdıcı təfəkkürə malik olan bu mənəviyyatsızların sosial şəbəkələrdən yalan, böhtan üçün istifadə etmələri xalqımız, cəmiyyətimiz tərəfindən ciddi narazılıq və etirazla qarşılanır.

Vətən müharibəsində şanlı Qələbəsi ilə tarix yazan Azərbaycan bu gün özünün ən güclü, qüdrətli dövrünü yaşayır. Azərbaycanın möhtəşəm uğurlarını həzm edə bilməyən daxili və xarici  bədxahlarımızın yuxusunu ərşə çəkən də bax, bu reallıqlardır. Azərbaycana qarşı yazılan bu cür çirkin ssenarilər həmin ünsürlərin kimliyinə, simasızlıqlarına hər gün yeni əlavəni edir. Əlləri hər zaman xarici dəstəkçilərinin cibində olan ləyaqətsiz antimilli ünsürlər qanun, ədalət qarşısında cavab verməli olacaqlar. Ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır, əldə olunan bütün uğurların əsasıdır. Azərbaycan güclü Liderinin və düşünülmüş, məqsədyönlü siyasətin nəticəsində daim zirvələri fəth edəcək. Güclü, qüdrətli, qalib Azərbaycan qürur mənbəyimizdir!