İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransda çıxış edib. O, “Təhlükəsiz şəhərlər: dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” panelinə moderatorluq edib.
“İki sahil” xəbər verir ki, Simrah İsmayılova çıxışında bildirib ki, müasir şəhərsalma yanaşmaları şəhərlərin qorunması və dayanıqlı inkişafına xidmət etməli, bu prosesdə genderə həssas və inklüziv prinsiplər əsas götürülməlidir. O vurğulayıb ki, “Memarlıq və Şəhərsalma İli”nin əsas hədəflərindən biri şəhərlərin, xüsusilə də Qarabağ regionunun yenidən qurulması prosesinə diqqətin artırılmasıdır. Qarabağda həyata keçirilən bərpa proqramları çərçivəsində şəhərlərin yenidən qurulmasında genderə həssas və inklüziv yanaşmanın tətbiqi strateji əhəmiyyət daşıyır.
Müzakirələr zamanı şəhərsalma siyasətində gender balansının qorunmasının daha təhlükəsiz, inklüziv şəhərlərin formalaşmasına mühüm töhfə verdiyi qeyd olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.