24 aprel 2026 01:57
101

Unutmaq tarixə qovuşur?

Süni intellekt “sonsuz yaddaş” vəd edir

Harvard Universitetinin nevroloq alimi Gabriel Kreiman insanlara “qüsursuz və sonsuz yaddaş” qazandıra biləcək süni intellekt alqoritmi hazırladığını iddia edir. Alim bu texnologiyanı kommersiyalaşdırmaq məqsədilə yaxın zamanda yeni startap layihəsinə başlayıb.

Kreimanın sözlərinə görə, layihənin əsas məqsədi unutqanlığa qarşı mübarizə aparmaq və insan yaddaşını rəqəmsal mühitdə uzunmüddətli şəkildə qorumaqdır. Texnologiya fərdin rəqəmsal həyatından toplanan məlumatları emal edən və “böyük yaddaş modelləri” adlandırılan sistemə əsaslanır. Bu yanaşma “ChatGPT” kimi platformalarda istifadə olunan böyük dil modellərinə (LLM) bənzər prinsiplərlə işləyir.

Layihənin həmtəsisçisi Spandan Madan ilə birlikdə hazırlanan sistemin insanın bütün xatirələrini yadda saxlaya biləcəyi yeni bir dövrün başlanğıcı olacağı iddia edilir. Kreiman bu mərhələdə insanların unutma prosesindən tamamilə azad ola biləcəyini vurğulayır.

Texnologiyanın konkret olaraq hansı platforma üzərindən tətbiq ediləcəyi hələ dəqiqləşdirilməsə də, əvvəlki tədqiqatlar beyin-kompüter interfeyslərinin bu sahədə istifadə oluna biləcəyini göstərir. Məlumata görə, layihə üzərində çalışan “Engramme” startapı təxminən 100 milyon dollar investisiya cəlb etməyi planlaşdırır və şirkətin bazar dəyərinin 1 milyard dollara çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bu sahədə təşəbbüslər yeni deyil. Məsələn, “StoryFile” platforması istifadəçilərə video və səs yazıları əsasında yaradılan virtual avatarlar vasitəsilə “rəqəmsal ölümsüzlük” təklif edir. Eyni zamanda, “Meta” şirkəti də istifadəçilərin sosial şəbəkə fəaliyyətləri əsasında onların davranışlarını simulyasiya edə bilən texnologiyalar üzərində işləyir. Mütəxəssislər isə bu cür texnologiyaların potensial imkanları ilə yanaşı, etik və məxfilik baxımından ciddi müzakirələr doğura biləcəyini qeyd edirlər.

Şahnigar Əhmədova, “İki sahil”