23 aprel 2026 16:44
220

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması sonrakı hərbi qələbələrimizin əsasını qoydu

Bu tarixi hadisə Müzəffər Ali Baş Komandanın siyasi iradəsinin təntənəsi idi

Bu gün  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində- Ermənistan ilə sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür. Bu tarixi hadisə 2023-cü il aprelin 23-ü saat 12:00-da  reallaşıb. Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi zamanı oradan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

«Laçın» sərhəd-buraxılış məntəqəsi ona görə quruldu ki, Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd addımlar atırdı. Belə ki, bu işğalçı ölkə Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr göndərirdi. Həmin illərdə  Azərbaycan Ordusunun  qazandığı hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmirdilər. Üstəlik, təbii sərvətlərimizin talan edilərək Xankəndi-Laçın yolu vasitəsilə Ermənistana daşınmasını davam etdirirdilər.

Məhz bu qanunsuzluqlara və haqsızlıqlara etiraz olaraq Azərbaycan ekofəalları, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyalarına start verildi. Onların şaxta, qar, çovğun demədən 138 gün fasiləsiz şəkildə apardıqoarı haqlı mübarizə vətən, xalq naminə edilən əsl cəsarətlilik, fədakarlıq nümunəsi oldu. Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən haqlı, sivil etirazlara və bəyanatlara rəğmən qarşı tərəf Rusiya sülhməramlı kontingentinin də himayədarlığından yararlanaraq, alternativ yollardan istifadə etməklə, öz çirkin əməllərini davam etdirirdilər. Ona görə də cinayət faktları Azərbaycanın haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Nəhayət, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu ərazisində, Həkəri çayının üzərində «Laçın» sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət Bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.

Təbii ki, bu tarixi hadisənin reallaşmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin  dəmir siyasi iradəsi və qətiyyəti mühüm rol oynadı. Onun  «Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm» sözlərinin həqiqət yükü bu gün də özünü təsdiq edir. Məhz həmin dövrdə  «Laçın» sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən ermənipərəst qüvvələr  ölkəmizi guya sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda ittiham edirdilər. Bu isə bir daha göstərirdi ki, düşmənin  və havadarlarının belə ədalətsiz yanaşmaları, əslində onların Azərbaycanın daxili işlərinə müdaxilə etmələri, həm də uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə haqq qazandırmaq cəhdi idi.

Bütün hallarda Laçında sərhəd-keçid məntəqəsinin yaradılması Qarabağdakı separatçılara son ağır zərbə oldu. Bunun ardınca isə 2023-cü ilin sentyabrın 20- də Azərbaycan Ordusunun keçirdiyi birgünlük lokal antiterror əməliyyatı ilə  Qarabağda terrorçu rejimin varğığına son qoyuldu. Xüsusilə Rusiyanın Qarabağdakı hərbi kontingentinin Ermənistanın da planlaşdırdığı kimi, uzun müddət qalmalarının perspektivsizliyi təsdiqləndi.

Bir sözlə, Laçında sözügedən sərhəd-keçid məntəqəsinin açılması Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam təmin edəcəyini və bunun üçün bütün riskləri gözə almağa hazır olduğunu ortaya qoyan ən mühüm hadisə oldu. Məhz həmin dövrdə proseslərin sonrakı gedişi bu həqiqəti birmənalı olaraq təsdiqlədi.

Elçin Zaman, "İki sahil"