Vətən naminə qəhrəmancasına vuruşub, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimiz xalqın qəlbində yaşamaqla heç vaxt unudulmaz. Şəhidlik ən uca zirvədir, buna sahib olanlar üçün ölüm yoxdur. Masallı rayonunun Viləş kəndində doğulub boya-başa çatan şəhid Nurlan və İntiqam Əsgərli qardaşları da belə. Hər iki qardaş bütün Azərbaycan xalqının ən böyük şərəf və qürur yeridirlər.
Ölməzliyə qovuşan, qərinələr boyunca şərəfli həyat yolları gələn nəsillərə də örnək olan Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə doğma kəndlərində Ev muzeyi yaradılıb. Burada şəhid qardaşlara aid şəxsi əşyalar, fotoşəkillər və digər eksponatlar nümayiş olunur.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov başda olmaqla, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsi və mədəniyyət nümayəndələri “Şəhid qardaşlar” ev muzeyini ziyarət ediblər.
Ziyarət zamanı nümayəndələr muzeylə yaxından tanış olub, burada sərgilənən eksponatların hər biri qonaqlarda dərin təəssürat yaradıb. Qeyd olunub ki, bu cür muzeylər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Tədbir çərçivəsində şəhid qardaşların valideynlərinin xatirələri dinlənilib, eləcə səmimi söhbət zamanı şəhidlərin keçdiyi şərəfli həyat yolundan danışılıb, onların xatirəsinin daim uca tutulacağı vurğulanıb.
Sonda idarə rəisi xatirə dəftərinə ürək sözlərini yazaraq şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü