Aprelin 21-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaradağ rayonunda YAP Qaradağ rayon təşkilatının və Qaz Emalı Zavodunun birgə təşkilatçılığı ilə “Qaz emalı sənayesi: təhlükəsizlik, ekoloji balans və inkişaf” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Qaz Emalı Zavodu direktorunun müşaviri Aqşin Paşayev, YAP Qaradağ rayon təşkilatının və zavodun əməkdaşları iştirak ediblər.
Əvvəlcə Qaradağ rayon məktəblilərinin “Şəhərsalma və Memarlıq İli” mövzusunda əl işləri sərgisinə baxış keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Aqşin Paşayev “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu təşəbbüs ölkəmizdə şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, milli memarlıq irsinin qorunmasına və müasir memarlıq meyillərinin inkişafına mühüm töhfə verir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq və şəhərsalma sahəsində formalaşmış zəngin ənənələrdən, həyata keçirilmiş irimiqyaslı layihələrdən danışıb. A.Paşayev çıxışında Azərbaycanın qaz emalı sənayesi, bu zaman ekoloji tarazlığın qorunmasına xüsusi diqqətin yetirilməsi və sahənin müasir tələblər səviyyəsində inkişafı məsələlərinə xüsusi toxunub.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov qədim ənənələrə malik Azərbaycan şəhərsalma modelinin müasir dövrün tələblərinə uyğun inkişafında müstəqil Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevin böyük rolundan, qloballaşma şəraitində şəhərlərin inkişaf istiqamətləri və dayanıqlı şəhərsalma prinsiplərindən geniş bəhs edib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan YAP rayon təşkilatı sədrinin müavini milli memarlıq irsinin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, müasir memarlıq nümunələrinin yaradılmasını, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini xüsusi vurğulayıb.
Tədbirdə digər çıxış edənlər 7 saylı qurğunun rəisi Ramiz Namazov və SƏTƏMM və KN şöbəsinin böyük mühəndisi Emil Bilalov işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpasından, milli memarlıq irsinin qorunmasının vacibliyindən, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlərdən bəhs ediblər.