20 aprel 2026 20:50
118

Azərbaycandan İrana elektrik enerjisi ixracının həcmi məlum olub

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İran İslam Respublikasına 5,535 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 157 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 259 min kVt/saat və ya 4,5%, dəyər ifadəsi ilə isə 8 min ABŞ dolları, yaxud 4,8% azalıb.

Eyni zamanda, 2026-cı ilin ilk iki ayında İrandan Azərbaycana 74 min ABŞ dolları dəyərində, 2,613 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 min ABŞ dolları və ya 7,5%, həcm ifadəsində isə 202 min kVt/saat və ya 7,2% azdır.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam respublikasına 3,923 milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 12,4 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saat və yaxud 4,1 dəfə azdır.

Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycan sözügedən ölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 38 min ABŞ dolları və ya 6,5% çox, həcm ifadəsində isə 2,6 milyon kVt/saat və ya 13,6% azdır.