17 aprel 2026 13:16
169

Avropanın Hörmüz planı

ABŞ ilə İran arasında sülh razılaşmasının əldə olunması altı aya qədər çəkə bilər. Bu ssenari isə Fars körfəzi və Avropa ölkələrinin liderlərini ciddi narahat edir. Eyni zamanda, dövlət başçıları Vaşinqton və Tehranın artıq indi Hörmüz boğazı üzərindəki blokadanı aradan qaldırmasını istəyirlər.

“İki sahil” xəbər verir ki, Bloomberg yazır ki, əgər may ayına qədər akvatoriya açılmasa, xammal qiymətləri artmaqda davam edəcək. Bu isə qlobal ərzaq və enerji böhranına səbəb ola bilər.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Associated Press-ə müsahibəsində bildirib ki, Avropanın aviasiya yanacağı ehtiyatları cəmi altı ay kifayət edə bilər. Bu isə qitədə uçuşların qaçılmaz şəkildə ixtisarına gətirib çıxara bilər. Onun sözlərinə görə, yaxın zamanda Hörmüz boğazı açılmasa, bundan hamı - hətta ən varlı ölkələr belə zərər görəcək.

Bununla belə, ABŞ və İran arasında sülh razılaşması əldə olunsa belə, Yaxın Şərqdə enerji obyektlərinin bərpası üçün əlavə vaxt tələb olunacaq. Neft tədarükünün müharibədən əvvəlki səviyyəyə qaytarılması isə bir neçə ay çəkə bilər.

Fatih Birol yaranmaqda olan enerji böhranını dünyanın indiyə qədər üzləşdiyi ən böyük böhranlardan biri kimi qiymətləndirib.

Bu fonda Avropa ölkələri Hörmüz boğazı üzərindən gəmiçiliyin azadlığını öz gücləri ilə necə təmin edə biləcəklərini müzakirə edirlər.

Böyük Britaniya və Fransa bu gün 40 ölkənin nümayəndələrinin iştirakı ilə sammit keçirəcək. Bu barədə Reuters məlumat yayıb. Görüşdə dövlətlər tankerlərin təhlükəsiz keçidinə nəzarət edəcək ayrıca donanmanın yaradılması imkanlarını müzakirə edəcəklər. Eyni zamanda, akvatoriyanın minalardan təmizlənməsi də bu təşəbbüs çərçivəsində nəzərdən keçirilir.

Agentliyin mənbələrinin sözlərinə görə, bu missiya vasitəsilə Avropa Vaşinqton tərəfindən səsləndirilən tənqidləri də təkzib etmək niyyətindədir. Belə ki, Ağ Ev dəfələrlə bildirib ki, müttəfiqlər dəniz təhlükəsizliyinin təmin olunmasında ABŞ-a kifayət qədər dəstək vermirlər.