Son illərdə qlobal iqtisadi sistem özünün dərin struktur transformasiyasından keçir. Ənənəvi artım mənbələri zəifləyir, qlobal ticarət əvvəlki dinamikliyini itirir, kapital axınları isə getdikcə daha riskə həssas xarakter alır. Geoiqtisadi fraqmentasiya, texnoloji keçidlər və yüksək faizlər dünya iqtisadiyyatının həm tələb, həm də təklif tərəfini eyni vaxtda məhdudlaşdırır. Bu mərhələdə iqtisadi debatın mərkəzi dəyişib: məsələ hansı sürətlə böyüməkdən çox, artımı dayanıqlı hala gətirməyi, qeyri-müəyyənlik şəraitində sabit qalmağı və dəyişiklikləri itki vermədən idarə etməyi bacarmaqdır. Belə qlobal qeyri-müəyyənlik mühitində Azərbaycan üçün əsas üstünlük resurs gəlirlərinin risklərə qarşı “sabitlik kapitalına” çevrilməsini təmin edən strateji idarəetmə modelidir. Prezident İlham Əliyevin iqtisadi baxışı məhz bu məntiq üzərində qurulub: makroiqtisadi sabitlik qorunur, paralel olaraq qeyri-neft sektorunda məhsuldarlıq və ixrac potensialı mərhələli genişlənir. Makroiqtisadi sabitlik beynəlxalq reytinq agentlikləri tərəfindən də təsdiqlənir: Azərbaycanın suveren kredit reytinqi sabit proqnozla qorunur və ölkə qlobal qeyri-müəyyənlik şəraitində etibarlı ölkə kimi qiymətləndirilir. Nəticədə iqtisadi siyasət xarici şoklara dayanıqlıq trayektoriyası yaradır.
Bu günlərdə Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın ÜDM-nin artımını 2026-cı ildə 2,2 faiz, 2027-ci ildə isə 2,5 faiz olaraq proqnozlaşdırıb. IMF-nin aprel ayı üzrə "Dünya iqtisadiyyatının perspektivləri" hesabatında qeyd edilib ki, fevral qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üçün proqnoz 0,1 faiz bəndi yaxşılaşdırılıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb. Beləliklə, fondun qiymətləndirmələrinə görə, qarşıdakı iki ildə ölkə iqtisadiyyatının orta illik artımı 2,35 faiz təşkil edəcək. Öz növbəsində Qafqaz və Mərkəzi Asiya subregionunda 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz artım gözlənilir. "Xammal ixrac edən və münaqişədən birbaşa təsirlənən ölkələr üçün istehsal və ixracın azalması 2026-cı il üzrə ÜDM artım proqnozlarının əhəmiyyətli dərəcədə aşağı salınmasına gətirib çıxarır. Bu, enerji və nəqliyyat infrastrukturuna dəymiş ziyanın dərəcəsindən, həmçinin Hörmüz boğazından asılılıqdan və alternativ ixrac marşrutlarının mövcudluğundan asılıdır", - hesabatda bildirilib. IMF Qafqaz və Mərkəzi Asiya subregionunda müsbət impulsun qorunub saxlanıldığını qeyd edir: "Bu ölkələr qrupu üçün 2026–2027-ci illər üzrə ümumi artım proqnozu 0,3 faiz bəndi artırılıb".
Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi ÜDM-in artımını 2026-cı ildə 2,9 faiz, 2027-ci ildə 3,3 faiz səviyyəsində proqnozlaşdırır, Mərkəzi Bank isə ölkə iqtisadiyyatının cari ildə 2,4 faiz, gələn il isə 2,9 faiz səviyyəsində artacağını gözləyir. Bundan əlavə beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də fərqlənir: "S&P Global" 2026-cı ildə 2 faiz səviyyəsində artım gözləyir, "Fitch Ratings" - 2,5 faiz, "Moody`s" - 2,5 faiz. Asiya İnkişaf Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 2 faiz, 2027-ci ildə isə 1,8 faiz artacağını gözləyir. Niderlandın ən böyük bank qrupu "ING Group" Azərbaycan iqtisadiyyatının artımını 2026-cı ildə 2,5 faiz və 2027-ci ildə 3 faiz səviyyəsində, Avropa Yenidənqurma və İnkişaf Bankı isə 2026-cı ildə - müvafiq olaraq 2 faiz və 2,5 faiz proqnozlaşdırır. Dünya Bankının proqnozlarına görə, Azərbaycanın ÜDM-nin artım tempi 2026-cı ildə 2 faiz, 2027-ci ildə - 1,8 faiz təşkil edəcək. BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə - 2,6 faiz təşkil edəcək.
Beynəlxalq təcrübə göstərir ki, qlobal maliyyə şərtlərinin sərtləşdiyi və ticarət kanallarının zəiflədiyi dövrlərdə iqtisadi artımın dayanmasının qarşısını almaq özlüyündə mühüm nailiyyətdir. Xüsusilə iqtisadi siyasət üçün manevr imkanları məhdud olan ölkələrdə artımın kəskin şəkildə zəifləməsi sosial rifahda ciddi itkilərə yol açır. Azərbaycan nümunəsində isə ümumi artımın müsbət zonada saxlanılması iqtisadi siyasətin və əvvəlki illərdə formalaşmış “sabitlik buferi”nin nəticəsi kimi qiymətləndirilməlidir. Strateji baxımdan daha mühüm məqam ondan ibarətdir ki, bu artımın əsas lokomotivi artıq neft-qaz sektoru deyil. 2025-ci ildə qeyri-neft/qaz sektoru real ifadədə 2,7 faiz artaraq 92,3 milyard manata çatmışdır. Bu, o demədkri ki, iqtisadiyyatda ümumi əlavə dəyərin 72 faizi məhz qeyri-neft sektorunda yaranır. Bu dinamika iqtisadiyyatın tədricən balanslaşdığını və diversifikasiya xəttinin dərinləşdiyini göstərir. Başqa sözlə, artım artıq tək bir sektorun üzərində dayanmaqdan çıxır. Neft hasilatının təbii azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olmuşdur ki, bu da uzunmüddətli dayanıqlılıq baxımından həlledici əhəmiyyət daşıyır.
Azərbaycanda iqtisadi artım yalnız statistik göstəricilərdə qalmır, əhalinin rifahında da hiss olunan nəticələr yaradır. Gəlirlərdə artımın inflyasiyanı üstələməsi və orta aylıq əməkhaqqının 1089 manata çatması real gəlirlərin qorunduğunu, əksər sahələr üzrə isə davamlı artdığını göstərir. Qlobal miqyasda bir çox ölkələrdə inflyasiya şoklarının alıcılıq qabiliyyətini azaltdığı bir dövrdə ölkəmizin nail olduğu bu nəticə xüsusi diqqət çəkir. Müqayisə üçün xatırlatmaq kifayətdir ki, 2022–2024-cü illərdə Avropa İttifaqının bir sıra ölkələrində, eləcə də Türkiyə və Latın Amerikasında gəlirlər nominal olaraq artsa da, inflyasiya bu artımı üstələmiş və nəticədə real ifadədə azalmışdı. Azərbaycan nümunəsində isə qiymət artımı əmək bazarını və gəlir dinamikasını sıxışdıra bilməyib. Bu fərqin əsas səbəbi daxili tələbatın süni fiskal genişlənmə ilə deyil, real alıcılıq qabiliyyəti hesabına formalaşmasıdır. Ölkəmizdə dövlət xərcləri qısamüddətli artım effekti yaratmağa yönəlmir, əksinə, gəlir və məşğulluğun qorunmasına yönəlib.
Sevinc Azadi, “İki sahil”