Akademik Zərifə xanım Əliyeva mənim hafizəmdə böyük alim, alicənab insan, Azərbaycan qadınının şərəf və ləyaqət rəmzi kimi qalmışdır. Bu qənaəti istər tələbə və ya aspirant olduğum illərdə apardığım elmi-tədqiqat işlərinin nəticələrinin sınağı zamanı, istərsə də tələbələrin tədris-istehsalat təcrübələrinin rəhbəri kimi Bakı Şin Zavodunda, Yod zavodunda, Sumqayıt Üzvi Sintez İstehsalat Birliyində, Mingəçevir Rezin-Texniki Məmulatlar Zavodunda və "Azərelektroizolit" Zavodunda Zərifə xanımın müayinə etdiyi mühəndis-texniki işçilərdən onun haqqında eşitdiyim xoş xatirələr daha da gücləndirmişdir.

Zərifə xanım Əliyeva görkəmli elmi-tədqiqatçı olmaqla yanaşı, həm də çox böyük praktiki işlər görmüşdür. O, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkarlamaq üçün çoxlu müayinələr aparmış və görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə araşdırmış, zərərli peşələrin törətdiyi göz xəstəliklərini elmi surətdə əsaslandırmış, onların qarşısını almaq üçün əməli təkliflər vermişdir. Eyni zamanda, zərərli amillərin, məsələn, Bakı Şin Zavodunda və Mingəçevir Rezin-Texniki Məmulatlar Zavodunda ağ və qara dudanın, kaptaksın, truramin, tiazolların, ksantogenatların, platifikatorların və digər onlarla zəhərli inqredientlərin, Mingəçevir “Azərelektroizolit” Zavodunda fenolun, formaldehidin, Sumqayıt Üzvi Sintez İstehsal Birliyində diafraqma və civə üsulu ilə qələvi istehsalı, xlorid turşusu istehsalı, sulfanol istehsalı və başqa üzvi birləşmələrin istehsalı, Gəncə Gil-Torpaq Zavodunda metal tozlarının, o cümlədən boksit şlamının təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də öyrənmişdir. Zərifə Əliyeva yodla uzun müddət əlaqədar olan işçilərin görmə orqanının zədələnməsinin kompleks əlamətlərini də tədqiq etmişdir. Tədqiqatlarının nəticələri göstərmişdir ki, yodla uzun müddət təmasda olan işçilərin görmə qabiliyyəti zəifləyir, gözün işığa qarşı həssaslığı pisləşir və göz təzyiqi artır. Görkəmli alim sanki bu istehsalat sahələrində həyəcan təbili çalmışdır.

Alimin elmi-tədqiqat işlərinin nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalarda öz əksini tapmışdır. Bu monoqrafiyalar təkcə tibb işçiləri üçün yox, eyni zamanda, göstərilən istehsal sahələrində çalışan insanlar üçün də çox lazımlı əsərlərdir. Zərifə xanımın apardığı elmi-tədqiqat işlərinin nəticələri “Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya işində öz əksini tapmışdır. O, bu mövzuya həsr olunmuş doktorluq dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Zərifə xanım üçün elm məqsəd olmamışdır. Onun elmdə seçdiyi yol bunu təsdiqləyir. Xalqına, Vətəninə xidmət etmək sevinci onu bu istiqamətdə tədqiqat işləri aparmağa sövq etmişdir. Vətəndaşlıq mövqeyi, elitar ziyalılıq, parlaq zəka, geniş erudisiya onun elmi fəaliyyətinin səciyyəvi xüsusiyyətləri idi. O, Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıtmışdır. Dünyanın tanınmış oftalmoloqları Zərifə xanımın elmi tədqiqatları haqqında yüksək fikirlər söyləmişlər. Akademik Zərifə xanım Əliyeva beynəlxalq aləmdə tanınmış bir mükafata- akademik Mixail Averbax adına Mükafata layiq görülən ilk azərbaycanlı qadındır.

İnsanların sağlamlığının qeydinə qalan, həyatının ən mənalı dövrünü bu xeyirxah işə sərf edən alicənab ziyalı, görkəmli alim, Azərbaycan qadınının şərəf və ləyaqət rəmzi, akademik Zərifə xanım Əliyeva nəcib əməlləri ilə xalqımızın qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır.
Keçmişə nəzər salmaq lazımdır, çünki dünən bu günün bünövrəsidir. Tarixən Azərbaycan qadınları həm ağıllı, həm də güclü olublar və bununla Azərbaycan qadınları öz sələfləri ilə fəxr ediblər. Bu gün Azərbaycan qadını Zərifə xanım kimi görkəmli alim- ləyaqətli qadınla fəxr edir. Zərifə xanım daim Azərbaycan xalqının yaddaşında həm görkəmli alim kimi, həm də ləyaqətli qadın kimi yaşayacaqdır. Çünki o, vətənpərvər, insanpərvər, sadə, milli dəyərlərimizi qoruyan, təbliğ edən böyük şəxsiyyət idi.
Tamilla Naibova,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdar professoru,
kimya üzrə fəlsəfə doktoru