13 aprel 2026 10:58
108

“Atəşkəs” sona çatdı: Rusiya Ukraynaya dron zərbələri endirib

Aprelin 13-ü gecəsi Rusiya Ukraynaya altı istiqamətdən 98 hücum dronu ilə zərbələr endirib. Hava Hücumundan Müdafiə Qüvvələri düşmənin dronlarının əksəriyyətini vurmağı bacarıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalı xəbər verib.

Hərbi məlumatlara görə, 13 aprel gecəsi Rusiya digər dron növləri ilə yanaşı, 98 ədəd “Şahed”, “Gerbera” və “Italmas” hücum dronunu aşağıdakı istiqamətlərdən buraxıb: Oryol, Bryansk, Kursk, Millerovo, Primorsko-Axtarsk (Rusiya Federasiyası) və Qvardeyskoye (Krım Muxtar Respublikası).

Atılan dronların təxminən 65-i “Şahed” tipli olub.

Doqquz ədəd hücum dronunun hədəfə dəydiyi qeydə alınıb, həmçinin vurulan dronların qalıqları bir məkana düşüb.

“Hücum davam edir və hava məkanında düşmən dronları var. Təhlükəsizlik qaydalarına riayət edin!”, -deyə Hərbi Hava Qüvvələri əhaliyə xəbərdarlıq edib.