12 aprel 2026 22:35
131

Əlcəzairin Millət Məclisi “Müstəmləkəçiliyin cinayət sayılması” qanununu yeni redaksiyada təsdiqləyib

Əlcəzair parlamentinin yuxarı palatası (Millət Məclisi) bu gün müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini bəzi dəyişikliklərlə yeni redaksiyada təsdiqləyib.

“İki sahil” “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, qərar sənədin siyasi, hüquqi və tarixi aspektləri ətrafında uzun və geniş müzakirələrdən sonra qəbul olunub. Bununla da parlamentin iki palatası arasında dörd aydan artıq davam edən qızğın mübahisələr bitib.

Qeyd olunur ki, layihə Fransa ilə diplomatik böhranın pik həddə çatdığı bir dövrdə gündəmə gətirilib və Əlcəzair tərəfindən keçmiş müstəmləkəçi dövlətin “təxribatları”na cavab kontekstində istifadə edilib.

Yeni redaksiyada əksini tapan əsas dəyişikliklərdən biri 9-cu maddədə “müstəmləkəçilik cinayətlərinə görə üzr istənilməsi” ifadəsinin mətndən çıxarılmasıdır. Müşahidəçilər bu addımı hüquqi və diplomatik manevr imkanı kimi qiymətləndirirlər.

Bildirilib ki, Əlcəzair bu yolla Fransanın müstəmləkə dövründə törədilmiş cinayətləri rəsmi şəkildə tanımasına nail olmağa çalışır. Həmçinin bu yanaşmanın 1830–1962-ci illərdə Əlcəzairin işğalının “insanlığa qarşı cinayət” kimi tanınmasına yönəlmiş diplomatik səylərə əlavə imkan yaradacağı vurğulanır.

Xatırladaq ki, Əlcəzair parlamentinin aşağı palatası olan Xalq Milli Assambleyası “müstəmləkəçiliyin cinayət sayılması” haqqında qanun layihəsini 2025-ci ilin dekabr ayında təsdiqləmişdi. Bu addım Fransa ilə münasibətlərdə gərginliyin artdığı bir dövrə təsadüf etmişdi. Gərginlik, xüsusilə 2024-cü ilin iyulunda Yelisey sarayının Mərakeşin Qərbi Səhra üzərində suverenliyini tanıdığını bəyan etməsindən sonra daha da kəskinləşmişdi.

Qanunvericilik sənədi əsas etibarilə müstəmləkəçiliyin “dövlət cinayəti” kimi tanınmasını və bunun hüquqi müstəvidə təsbit olunmasını hədəfləyir. Sənəddə, həmçinin qətl, işgəncə, deportasiya və Fransanın Əlcəzair səhrasında 1960–1966-cı illərdə həyata keçirdiyi nüvə sınaqları kimi pozuntuların sənədləşdirilməsi nəzərdə tutulur.

Müşahidəçilərin fikrincə, bu dəyişiklik ölkə rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilib və Fransa ilə münasibətlərin yenidən normallaşması imkanlarının saxlanmasına hesablanıb. Belə ki, rəsmi Əlcəzair Parislə əlaqələrin yaxşılaşdırılması üçün imkanların hələ də mövcud olduğunu düşünür və “kriminallaşdırma qanunu”nun ilkin sərt redaksiyası bu perspektivlərə mənfi təsir göstərə bilər.